Çin modeli: Rusiya üçün çıxış yolu?

16.03.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Mərkəzi Bankının iqtisadçılarının apardığı bir araşdırmaya görə, Rusiyada bir çox insan ideal iqtisadi model olaraq Çin, Sovet İttifaqı və Belarusu görür.

"Cebheinfo.az" xəbər verir ki, RBC-nin yaydığı araşdırmada Rusiya cəmiyyətində iqtisadiyyat haqqında ən geniş yayılmış düşüncənin “ölkə-zavod” modeli olduğu qeyd edilir.

Araşdırma 2024-cü ilin yayında Rusiyanın 11 böyük şəhərində yaşayan 52 nəfərlə keçirilən dərinləşdirilmiş müsahibələrə əsaslanır.

İqtisadçılar bu müsahibələrdən təxminən 165 min anlayış və ifadə toplayaraq cəmiyyətin iqtisadi qavrayışını təhlil ediblər. Tədqiqata əsasən, bir çox insan güclü iqtisadiyyatı ölkənin öz daxilində istehsal apardığı və xarici asılılığın az olduğu bir model kimi qiymətləndirir.

İştirakçılar xüsusilə Çini öz istehsal potensialına söykənən güclü bir iqtisadiyyat olaraq nümunə göstərirlər. Sovet İttifaqı isə sabit qiymətlər, güclü sənaye və keyfiyyətli məhsullarla əlaqələndirilir. Belarus isə nisbətən sabit iqtisadiyyat və münasib qiymətli qida məhsulları sayəsində müsbət nümunə kimi görülür.

Araşdırmaya görə, rusların əhəmiyyətli bir hissəsi inflyasiyanı gündəlik alış-verişdə ödədikləri “orta çek” məbləği üzərindən qiymətləndirir. 

İnsanlar, həmçinin avtomobil, mənzil, benzin, dərman və qida qiymətlərini inflyasiyanın əsas göstəriciləri hesab edirlər. İqtisadçılar Rusiyada inflyasiya gözləntilərinin yüksək qalmasının mühüm səbəblərindən birinin tarixi təcrübə olduğunu bildirirlər.

1990-cı illərin hiperinflyasiyası, 2008, 2014 və 2022-ci illərdəki iqtisadi böhranlar cəmiyyətin kollektiv yaddaşında dərin izlər qoyub. Bu səbəbdən bir çox insan gələcəkdə qiymətlərin sürətlə arta biləcəyini düşünməyə davam edir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью