Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin Cənubi Çin dənizində mübahisəli Skarboro rifinin ətrafında Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələrinin birgə təlimlərini keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Döyüş Komandanlığı məlumat yayıb.
Təlimlər sentyabrın 27-də Pekinin Xuanqyan adlandırdığı rifin ətrafındakı sularda və hava məkanında keçirilib. Əraziyə Çin və Filippin iddia edir.
Çin ordusu təlimləri regionda sülh və sabitliyi pozan bəzi dövlətlərin hərəkətlərinə cavab olaraq "zəruri tədbir" adlandırıb. Bildirilib ki, manevrlər qoşunların döyüş qabiliyyətinin artırılmasına, Çinin ərazi suverenliyinin və dəniz maraqlarının qorunmasına yönəlib.
Filippin daha əvvəl Çinin Skarboro rifinə daimi nəzarət yaratmağa cəhd göstərə biləcəyindən narahatlığını bildirib. Çin 2012-ci ildən rifə faktiki nəzarət edir və ərazi ilə bağlı mübahisə Pekinlə Manila arasında gərginliyin əsas səbəblərindən biri olaraq qalır.