Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin şirkətləri Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) ümumilikdə 200 minə yaxın peykin orbitə buraxılması üçün müraciət ediblər. Bildirilir ki, müraciətlər 2025-ci ilin dekabr ayının sonunadək 10-a yaxın şirkət tərəfindən təqdim olunub.
Reyting.az xəbər verir ki, bu barədə Çin nəşri “South China Morning Post” məlumat yayıb.
Məlumata görə, ən iri layihələrdən olan “CTC-1” və “CTC-2” proqramları hər biri 96 714 kosmik peykin orbitə çıxarılmasını nəzərdə tutur. Bu sahədə ən fəal müraciətçi kimi dekabrın 30-da yaradılmış Radio Spektrindən İstifadə və Texnoloji İnnovasiyalar İnstitutu göstərilir.
Nəşr qeyd edir ki, ABŞ və Çin peyk meqa-qruplaşmaları uğrunda açıq rəqabət mərhələsinə keçiblər. Aşağı Yer orbitində mövcud olan yer və radiotezlik resurslarının məhdudluğu səbəbindən üstünlüyün daha tez müraciət edən tərəfin əldə edəcəyi ehtimal olunur.
Bu arada, amerikalı iş adamı və milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti ABŞ Federal Rabitə Komissiyasından yeni nəsil 7,5 min peykin buraxılması üçün icazə alıb. Bununla da 2031-ci ilə qədər şirkətin orbitdəki peyklərinin sayının 15 minə çatacağı gözlənilir.
Nəşr yazır ki, Çinin ITU-ya təqdim etdiyi müraciətlər arasında “China Mobile” şirkəti tərəfindən layihələndirilən “2520”, eləcə də “Min yelkən” layihəsi çərçivəsində “Shanghai Spacecom Satellite Technology” ilə birgə istehsal ediləcək 1 296 kosmik peyk də yer alır.
Oqtay QORÇU