Çin, Rusiya və İran hərbi sahədə daha da yaxınlaşır

04.02.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İran ətrafında hərbi proseslər artıq təkcə regional deyil, açıq şəkildə qlobal güclərin qarşıdurma xəttinə çevrilir.

Çinin İrana strateji əhəmiyyətli YLC-8B radarlarını verməsi və paralel olaraq İranın Çin və Rusiyanın dəstəyi ilə hava hücumundan müdafiə sistemlərini vahid komandanlıq altında koordinasiya etməsi Tehranın müdafiə konsepsiyasında keyfiyyət dəyişikliyinə işarə edir. Bu addımlar İranın özünü potensial hava zərbələrinə qarşı daha hazırlıqlı göstərmək cəhdidir və eyni zamanda ABŞ və İsrailə ünvanlanan açıq siyasi mesajdır.

YLC-8B radarlarının əsas önəmi onların klassik hava hədəflərindən daha çox aşağı görünürlüklü, yəni stealth texnologiyalı platformaları aşkar etmək üçün nəzərdə tutulmasındadır. Bu, İranın ABŞ-nin B-2 kimi strateji bombardmançılarına qarşı psixoloji və texniki müdafiə səddini gücləndirmək istədiyini göstərir. Praktik baxımdan bu radarların real döyüş şəraitində nə dərəcədə effektiv olacağı mübahisəlidir, amma əsas məqsəd burada mütləq üstünlük əldə etmək yox, hücumun qiymətini artırmaqdır. Yəni Tehrana qarşı mümkün hava əməliyyatlarının artıq risksiz olmayacağı mesajı verilir.

Digər mühüm məqam İranın HHM sistemlərini ilk dəfə vahid komandanlıq və şəbəkə prinsipi ilə işlətməsidir. Bu, uzun illər texnoloji parçalanma və koordinasiya problemləri yaşayan İran ordusu üçün ciddi addımdır. Çin texnologiyası və Rusiya təcrübəsinin bir araya gəlməsi Tehranın müdafiə arxitekturasını daha çevik və adaptiv edir. Lakin bu, eyni zamanda İranın hərbi müstəqilliyinin müəyyən mənada azalması deməkdir, çünki sistemin işləkliyi artıq xarici texniki və siyasi dəstəyə daha çox bağlıdır.

Bütün bu proseslər fonunda İranın Azərbaycan və Türkiyə sərhədlərində PUA uçuşlarını intensivləşdirməsi də təsadüfi deyil. Bu, həm daxili auditoriyaya güc nümayişidir, həm də region ölkələrinə “oyunun içindəsiniz” mesajıdır. Tehran anlayır ki, mümkün eskalasiya yalnız Fars körfəzi ilə məhdudlaşmayacaq və ona görə də risk xəritəsini genişləndirir. Nəticə etibarilə Çin-Rusiya-İran xətti tədricən hərbi blok xarakteri almağa başlayır və bu, Yaxın Şərq və Cənubi Qafqaz üçün daha mürəkkəb və təhlükəli təhlükəsizlik mühiti formalaşdırır.

Sərvan Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью