Çin səfiri YAP Mərkəzi Aparatında

14.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 13-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey arasında görüş keçirilib.

Söhbət zamanı müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olan Azərbaycan-Çin münasibətlərinin tarixi ənənələrə, qarşılıqlı etimada və möhkəm dostluğa əsaslandığı qeyd olunub.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin məqsədyönlü siyasəti nəticəsində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrin bütün sahələrdə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu vurğulanıb.

Hər iki ölkənin liderlərinin dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında həm ikitərəfli, həm də müxtəlif beynəlxalq platformalar çərçivəsində əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladıqları qeyd olunaraq partiyalar arasında Əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin yerinə yetirilməsinin müştərək maraqların təmininə xidmət etdiyi bildirilib.

Səfir Lu Mey oktyabrda Pekində keçirilmiş ÇKP Mərkəzi Komitəsinin Beşinci Plenumunun nəticələri barədə ətraflı məlumat verib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью