Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pekin tərəfləri vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb
Çin hakimiyyəti Fars körfəzi bölgəsində vəziyyətin normallaşmasına kömək edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Çjay Cun deyib.
Çin Xarici İşlər Nazirliyinin (XİN) veb saytında Çjay Cunun sözləri sitat gətirilib: "Çin Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi, tərəfləri barışdırmaq və düşmənçiliyə son qoymaq üçün səyləri davam etdirmək və Fars körfəzi bölgəsində sülhün və sabitliyin tezliklə bərpa olunmasını təşviq etmək üçün lider Si Cinpinin irəli sürdüyü bir sıra təşəbbüslərə sadiq qalacaq".
O, noyabrın 12-də Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə görüşüb. Tərəflər ikitərəfli məsələlər və Yaxın Şərqdəki mövcud vəziyyət barədə dərin fikir mübadiləsi aparıblar.
Çjay Cunun sözlərinə görə, Pekin müvafiq tərəfləri gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır. O, fikir ayrılıqlarını və mübahisələri dialoq və danışıqlar yolu ilə həll etməyin vacibliyini vurğulayıb.
"Çin tərəfi daim inanır ki, münaqişə gərginləşməməli və hərbi əməliyyatlar şiddətlənməməlidir. Qarşıdurma ziddiyyətləri daha da şiddətləndirir; dialoq yeganə düzgün yoldur", - deyə xüsusi nümayəndə vurğulayıb.
O, həmçinin Qırmızı dəniz bölgəsində vəziyyətin gərginləşməsinin bölgənin təhlükəsizliyinə və inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.