Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Bir müddət əvvəl Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsində yerləşən və “Çinar” MTK tərəfindən inşa edilən binaların sakinləri üzləşdikləri problemlərlə bağlı Baku TV-yə şikayət etmişdilər. Sakinlər binaların sənədləşdirilməsi, yaşayış şəraiti və digər məsələlərlə bağlı narazılıqlarını bildirmişdilər.
Gununesi.info xəbər verir ki, yayımlanan şikayətlərlə bağlı “Çinar” MTK açıqlama yayıb:
“”Çinar” MTK olaraq Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsində inşa etdiyimiz binaların sakinlərinin Baku TV-yə ünvanladıqları şikayətlərlə bağlı bildiririk ki, qeyd olunan ərazidə tərəfimizdən ümumilikdə üç bina inşa edilmişdir.
Hazırda binaların sənədləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir. Binalardan biri üzrə artıq çıxarış əldə edilmiş, digər binalar üzrə isə sənədləşmə prosesi müvafiq prosedurlara uyğun şəkildə davam etdirilir. Bu çərçivədə təhlil qrupunun, ekspertizanın və yanğın nəzarəti orqanının rəyləri alınmış, hazırda binaların istismara qəbul aktının əldə edilməsi istiqamətində işlər aparılır.
Bildiririk ki, binalarda mənzillər qaz, su və elektrik enerjisi ilə təmin olunmuşdur. Eyni zamanda, sakinlərin rahatlığının təmin edilməsi məqsədilə binalarda müasir standartlara cavab verən liftlər quraşdırılmış, giriş foyelərində və bloklarda təmir işləri həyata keçirilmişdir.
Hazırda binaların yeraltı qarajında təmir işləri davam etdirilir təmirdən sonra sakinlərin istifadəsinə veriləcəkdir. “Çinar” MTK tərəfindən heç bir sakinə avtodayanacaq satılmamışdır.
Həyət ərazisi “Çinar” MTK tərəfindən asfaltlanmışdır. Mövsümi şərait nəzərə alınmaqla, ərazidə yaşıllaşdırma işlərinin də aparılması nəzərdə tutulur.
“Çinar” MTK olaraq sakinlərin müraciətlərinə və narahatlıqlarına həssas yanaşır, binaların sənədləşdirilməsi və ərazinin abadlaşdırılması ilə bağlı işlərin tamamlanması istiqamətində fəaliyyətimizi davam etdiririk.
Məqsədimiz sakinlərin rahat, təhlükəsiz və müasir yaşayış şəraiti ilə təmin olunması, eləcə də bütün zəruri sənədləşmə prosedurlarının qanunvericiliyin tələblərinə uyğun başa çatdırılmasıdır”.
Günay