Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Çin alimləri saç tökülməsinə qarşı yeni və perspektivli texnologiya hazırlayıblar. Pekində yerləşən “Beihang” Universitetinin tədqiqatçıları tərəfindən yaradılan “Detangle” adlı bioelektronik daraq laboratoriya sınaqlarında ümidverici nəticələr göstərib.
“Cebheinfo.az” xəbər verir ki, tədqiqat zamanı cihaz 28 gün ərzində tüksüz siçanlar üzərində sınaqdan keçirilib. Eksperimentin nəticələrinə əsasən, saçların yenidən çıxması üzrə 97,85 faizlik göstərici əldə olunub.
Yeni texnologiya elektrik stimullaşdırılması ilə xüsusi bioloji maddələrin təsirini birləşdirir. Cihaz saç köklərinə təsir göstərərək onların fəaliyyətini bərpa etməyə və saç artımını stimullaşdırmağa yönəlib.
Tədqiqatda saç köklərinin qan təchizatını dəstəkləyən “VEGFA” molekulundan və saç tökülməsi ilə əlaqəli hormonal mexanizmlərə təsir edən xüsusi “SİRNA” texnologiyasından istifadə olunub.
Alimlərin bildirdiyinə görə, təcrübə nəticələri minoksidil və finasterid kimi mövcud müalicə vasitələri ilə müqayisədə daha təsirli olub. Bununla belə, yeni texnologiyanın hələlik yalnız heyvanlar üzərində sınaqdan keçirildiyini vurğulamaq vacibdir. İnsanlar üzərində klinik sınaqların nəticələri və uzunmüddətli təhlükəsizliyi təsdiqlənməyib.
Mütəxəssislər hesab edirlər ki, texnologiya gələcəkdə uğurlu olarsa, xüsusilə kişi tipli saç tökülməsinin müalicəsində yeni imkanlar yarada bilər.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin