Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pekin, 21 oktyabr, AZƏRTAC Çində dünyanın ən sürətli qatarı olan CR450-nin istifadədən əvvəl kvalifikasiya sınağı keçirilib.AZƏRTAC xəbər verir ki, Şanxay və Çendu şəhərləri arasındakı xəttdə keçirilmiş sınaq zamanı qatarın sürəti saatda 453 kilometrə çatıb.
Mühəndislər CR450 qatarını saatda 450 kilometr sürət üçün hazırlasalar da, sərnişindaşımada əməliyyat sürəti maksimum saatda 400 kilometr olacaq.Qatarın sürəti yerindən tərpənəndən 4 dəqiqə 40 saniyə sonra saatda 350 kilometrə çatır.
Sələfi CR400 ilə müqayisədə burnu daha uzun, tavanı 20 santimetr aşağıdır.
İstehsalçı yeni qatarın hərəkət müqavimətini 22 faiz, çəkisini isə 10 faiz azaltmaqla, enerji səmərəliliyini artırıb.
Sürətin artmasına baxmayaraq, bu optimallaşdırmalar enerji istehlakını minimuma endirir və daha yüksək əməliyyat sürətində sabitlik təmin edir.
CR450 hazırda Çində istismar olunan CR400-dən daha sürətli olmasına baxmayaraq, əyləc məsafəsi eynidir.
Qatarın interyeri sərnişinlərin rahatlığını artırmaq üçün dəyişdirilərək salonun sahəsi 4 faiz çoxaldılıb.