Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 noyabr, AZƏRTAC
Çinli alimlər saç tökülməsinə qarşı mübarizə aparmaq üçün mikroelektronika texnologiyasından istifadə edən xüsusi daraq hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, “South China Morning Post” qəzetinin məlumatına görə, siçanlar üzərində aparılan təcrübələr tüklərin yenidən çıxdığını göstərib.
Nəşrin məlumatına görə, bu, Pekin Aviasiya və Astronavtika Universiteti (Beihang Universiteti) və Honkonq Şəhər Universiteti (CityU) alimlərinin birgə tədqiqatıdır. Cihaz impulslu elektrik sahəsi yaradır, eyni zamanda dərmanları tük follikullarının dərinliyinə çatdırır. Bunun üçün saçı adi qaydada daramaq kifayətdir.
Siçanlar üzərində aparılan təcrübə göstərib ki, “Detangle” adlanan bu cihazdan istifadə cəmi 28 gün ərzində tüklərin demək olar ki, 100 faiz yenidən çıxmasına səbəb olub. Tədqiqatçılar müqayisə üçün qeyd ediblər ki, ən çox yayılmış stimulyator olan minoksidil saçın 70 faiz yenidən böyümə sürətinə nail olur. Darama zamanı cihaz eyni vaxtda elektrik sahəsi yaradır və iki dərmandan istifadə edir. Dərmanlardan biri follikullar ətrafında qan damarlarının inkişafını təmin edir, digəri isə maddələrin saç tökülməsinin əsas səbəbi olan androgenlərə fermentativ çevrilməsinə maneə törədir.
Daraq mikroelektron idarəetmə dövrəsi və diyircəkli qələmin doldurulmasına bənzər bir dərman çatdırılma modulu ilə təchiz olunub, başın dərisi üzərində sistemli və hədəflənmiş impulslu elektrik sahəsi yaradır.
Bu cihazın insanlarda klinik sınaqlardan keçirilməsi və ya darağın kommersiya məqsədilə buraxılması barədə hələlik heç bir məlumat yoxdur. Lakin müəlliflər qeyd ediblər ki, daraq vasitəsilə dərmanların baş dərisinə yeridilməsi sistemi təkcə saç tökülməsində deyil, digər xəstəliklərin müalicəsində də faydalı ola bilər.