Çində sənaye fəallığı yenidən artım mərhələsinə keçib

30.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Çində sənaye sektorunda fəallıq sentyabr ayında yenidən artım mərhələsinə keçib. 

“Reuters” agentliyinin yaydığı məlumata görə, ölkənin rəsmi istehsal satınalma menecerləri indeksi (PMI) avqust ayındakı 49,8 göstəricisindən 50,1-ə yüksəlib. Beləliklə, göstərici iki aylıq daralmadan sonra yenidən 50 həddini keçib.

Agentlik bildirir ki, 50 bal həddi sənaye fəallığında artım və azalma arasındakı sərhəd hesab olunur. Sentyabrda yeni sifarişlər alt indeksi 50,5, istehsal alt indeksi isə 51,7 təşkil edib. Bununla yanaşı, özəl “RatingDog” sorğusunun nəticələrinə əsasən, istehsal PMI göstəricisi sentyabrda 52,1-ə yüksələrək son beş ayın ən yüksək səviyyəsinə çatıb.

Mənbə yazır ki, sənaye fəallığının bərpasına əlverişsiz hava şəraitinin təsirinin azalması və süni intellekt sahəsində qlobal tələbin artması da dəstək verib. Bununla belə, ölkə iqtisadiyyatında bərpa prosesi qeyri-bərabər olaraq qalır. Zəif istehlak və investisiya fəallığı iqtisadi artım perspektivlərinə təsir göstərən əsas amillər sırasında göstərilir.

Çin hökuməti iqtisadi artımı dəstəkləmək məqsədilə məqsədyönlü stimullaşdırıcı tədbirləri də genişləndirir. Agentliyin məlumatına görə, ölkədə infrastruktur və texnologiya sahələrinə daha ucuz kreditlərin yönəldilməsi, eləcə də mənzil alıcılarına dəstəyin artırılması nəzərdə tutulur.

Sentyabr göstəriciləri dünyanın ikinci ən böyük iqtisadiyyatında sənaye fəallığının müəyyən qədər canlandığını göstərsə də, daxili tələbin vəziyyəti və daşınmaz əmlak sektorundakı problemlər qarşıdakı dövr üçün mühüm amillər olaraq qalır. Məlumata əsasən, Çin hökuməti cari il üzrə 4,5 - 5 faiz iqtisadi artım hədəfi müəyyən edib.

N.Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью