Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çində “təcəssüm olunmuş süni intellekt” sistemlərinin real dünyada robotları idarə etməyi öyrəndiyi xüsusi təlim poliqonları sürətlə yayılır və bu sahənin inkişafı dövlət tərəfindən də fəal şəkildə dəstəklənir. “Sinxua”nın məlumatına görə, 2026-cı ilin iyununun sonuna Çində artıq 70-dən çox belə təlim mərkəzi fəaliyyət göstərib, daha 40-dan çox obyektin isə tikintisi və ya planlaşdırılması davam edir.
Bu mərkəzlərdə robotlar minlərlə təkrar vasitəsilə məkan daxilində hərəkət etməyi, əşyaları tutub götürməyi və gündəlik məişət tapşırıqlarını yerinə yetirməyi öyrənirlər. Eyni zamanda, poliqonlarda robotların real mühitdə davranışına dair əvvəllər sistemli şəkildə toplanmayan böyük həcmdə fiziki məlumat bazası formalaşdırılır.
Hazırda Çində 140-dan çox humanoid robot istehsalçısı fəaliyyət göstərir. 2025-ci ildə ölkədə belə robotların tədarük həcmi 14,4 min ədədə çatıb ki, bu da dünya bazarının təxminən 80 faizini təşkil edib. Bununla belə, əsas məqsəd hələ də dəyişməz olaraq qalır: laboratoriyalarda qaça və insan hərəkətlərini təkrarlaya bilən robotları gündəlik həyatda etibarlı köməkçilərə çevirmək. Bunun üçün isə robotların real məişət və istehsal şəraitində davamlı şəkildə təlim keçməsi və müxtəlif ssenarilərlə qarşılaşması tələb olunur.
S.ELAY
XQ