Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəhid Çingiz Babayevin 25 yaşı tamam oldu
Şanlı zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi xalqımızın Vətən, torpaq sevgisini, qürurunu bütün dünyaya bir daha bildirdi. Bu müharibədə şirin canını qurban verib doğma Azərbaycanın bütövlüyünü qovuşduran dağ vüqarlı, polad biləkli igidimiz Çingiz Sulduz oğlu Babayev 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olmuşdur. Elin mərd oğlu özünü dərk edən gündən qəlbindəki Vətən sevgisi ümmanlara dönür. Məhz buna görə də separatçı erməni dığaların müqəddəs yurd yerlərinin zəbti onu çox narahat edirdi. Və əsas amalı Tanrının verdiyi ömrünü xalqı üçün yaşamaq olan Çingiz düşməndən qisas alacağı günə hazırlaşır.
Vətəninə, xalqına xidmət etməyi özünə şərəf bilən Çingiz 2018-ci ildə orta məktəbi başa vurub Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olur. Dərslərini yaxşı oxuyur, saflığı, gözəl dünya naminə qurub-yaratmaq həvəsi ona hörmət gətirir. Amma vicdanı Çingizi ürəkdən sevdalandığı Vətənə dayaq durmaq üçün cəbhə xəttinə, düşməndən qisas almağa səsləyir . Kollecin ikinci kursundan çıxıb, həqiqi hərbi xidmətə gedir. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Tərtər rayonunda vurğun olduğu torpağını, daşını göz-bəbəyi kimi qoruyur. Vətənə sədaqəti, təlim-tərbiyəsi əsgər yoldaşlarına bir qayda olaraq həmişə nümunə göstərilir, komandirlərində ona qarşı böyük ehtiram yaradır, adı daim öndə çəkilir. Həm də düşmənlə nə vaxt üz-üzə gəlib onu əzməkdən ötrü bütün təlimlərdə fəal olur, hərbi sirlərinə həvəslə yiyələnir. Sözün qısası, Vətənə olan öz müqəddəs övladlıq borcunu yüksək səviyyədə yerinə yetirir.
Sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinə Çingiz dığaların işğalında olan torpaqları azad etmək eşqi ilə birinci qoşulur. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə ürəklə hücuma keçir, yüzlərlə erməni dığasını o dünyaya göndərir. Düşmən igid əsgərin hünərini görüb texnikalarını, silahlarını atıb qaçırlar. Beləcə qəhrəmanlığı dillərdə dastan olan Çingiz 10 oktyabr 2020-ciil tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə gözünü qırpmadan 19 yaşında sinəsini Vətənə sipər edir. Bu müqəddəs ölüm onu Azərbaycanın qürur yerinə çevirir. Dövlətimiz tərəfindən ölümündən sonra "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülən igid əsgərin adı dünya var olduqca ilahi bir sevgiyə dönüb millətin yaddaşına yazılır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü