Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Milli Məclisin sədri Sahibə Qafarova öllkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri 1992-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində əlaqələrin dostluq, qarşılıqlı hörmət və dəstək əsasında inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.
İkitərəfli əlaqələrin möhkəmlənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Sahibə Qafarova Prezident İlham Əliyevin Çinə səfərlərinin və iki ölkə arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasının əhəmiyyətini qeyd edib.
Milli Məclisin sədri Çin parlamenti ilə əməkdaşlığın mövcud vəziyyəti və gələcək imkanları barədə danışıb, cari ilin mart ayında Çinə işgüzar səfərini, bu ölkənin parlament sədri Cao Lıci ilə görüşünü və aparılan müzakirələri məmnunluqla xatırlayıb. Spiker, həmçinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanla Çin arasında qarşılıqlı faydalı siyasi əməkdaşlığın nümunələrindən biri kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələr yüksək qiymətləndirilib.
Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfərlərini və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüşləri xüsusi qeyd edib.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından danışan Baş prokuror sıx əməkdaşlığın hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunmasına və cinayətkarlığın qarşısının alınmasına mühüm töhfə verəcəyini bildirib.
Qonaqlar parlamentin plenar iclas zalına baş çəkib, burada yaradılmış iş şəraiti ilə tanış olublar.