Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin hərbçiləri Tayvanla üzbəüz yerləşən Futszyan əyalətində dəniz desantı üzrə genişmiqyaslı təlimlər keçirirlər. Təlimlər zamanı ordu qoşunların sahilə çıxarılması üçün yeni üsulu – mülki gəmilərdən istifadə etməklə üzən körpünün yaradılmasını sınaqdan keçirir.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” peyk görüntülərinə və “İngeniSPACE” şirkətinin analitik hesabatına istinadən məlumat yayıb.
Analitiklərin məlumatına görə, Daçen körfəzində təlimlər ilk dəfə noyabrın 1-də keçirilib. Sonrakı iki həftə ərzində gəmilər akvatoriyada müxtəlif manevrlər həyata keçirib və vaxtaşırı birləşərək təxminən 800 metr uzunluğunda üzən körpü yaradıblar. Bu konstruksiya ağır texnikanın və hərbi yüklərin dərin sulu ərazilərdən birbaşa sahilə daşınması üçün nəzərdə tutulub.
Təlimlərdə dörd barja, iki yarımsualtı gəmi, iki motorlu gəmi, dörd desant gəmisi və bir sıra yardımçı gəmilər iştirak edib. Peyk görüntülərində körpü qurmaq üçün xüsusi avadanlıq aşkar edilməyib.
“İngeniSPACE” şirkətinin əməliyyatlar üzrə rəhbəri Ceyson Van bildirib ki, Çin ordusu, ehtimal ki, Sakit okeanın qərb hissəsində mümkün hərbi əməliyyatlar zamanı qoşunların gizli şəkildə təchizatı və daşınması üsullarını sınaqdan keçirir. Onun sözlərinə görə, mülki donanmadan istifadə Tayvan sahillərində desant çıxarmaq üçün potensial ərazilərin sayını artırmağa imkan verir.
Təlimlərin gedişi ilə tanış olan, adı açıqlanmayan təhlükəsizlik xidməti nümayəndəsi bildirib ki, manevrlərin məqsədi “kiçik adaların sürətlə ələ keçirilməsi” ssenarisini məşq etmək olub.
Tayvanın Müdafiə Nazirliyi Çin hərbçilərinin fəaliyyətini, xüsusilə mülki gəmilərin təlimlərə cəlb olunmasını izlədiyini təsdiqləyib.