Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

06.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin, 6 iyun, AZƏRTAC

Pekin Xarici Dillər Universitetində (PXDU) keçirilən növbəti “Dünya xalqlarının mədəniyyəti” sərgisində Azərbaycan mədəniyyəti tanıdılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə PXDU-nun Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrinin təşkilatçılığı ilə qurulan Azərbaycan stendində xalqımızın zəngin mədəniyyətini və incəsənətini əks etdirən eksponatlar, milli geyimlər, Azərbaycan dilini öyrənmək üçün vəsaitlər və eləcə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan dili kafedrasına hədiyyə edilmiş kitablar nümayiş etdirilib. Bundan başqa, ziyarətçilər üçün Azərbaycan dili və mədəniyyəti ilə bağlı viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri də təqdim edilib.

Universitetin Azərbaycan dili kafedrasını müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Çinin ən beynəlmiləl ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində hər il oxşar xarakterli bir çox sərgilər və festivallar təşkil olunur. Bütün bu tədbirlərdə Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrlə bərabər Pekin şəhərində təhsil alan azərbaycanlı tələbələr də yaxından iştirak edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью