Çirkləndirənlərdən alınan pullar hara xərclənəcək? Deputatdan AÇIQLAMA

16.11.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hesablama Palatası müxtəlif ekoloji fondlara yönəldilən ödənişlərin “ekoloji vergi” adı altında vahid qaydada toplanmasını təklif edir. Təklifə əsasən, vəsaitlərin toplanması Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilə, onların ekoloji risklər və ətraf mühitin bərpası istiqamətində bölüşdürülməsində isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı təmin oluna bilər.

Bəs ekoloji ödənişlərin vahid mexanizm əsasında toplanması ətraf mühitin mühafizəsi sahəsində idarəetmənin səmərəliliyini artıra bilərmi? Bu vəsaitlərin konkret ekoloji problemlərin həllinə, təbiətin bərpasına və ekoloji layihələrin maliyyələşdirilməsinə yönəldilməsinə necə nəzarət edilməlidir?

Milli Məclisin deputatı Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirdi ki, ekoloji ödənişlərin vahid mexanizm əsasında toplanması ətraf mühitin idarə edilməsində şəffaflığın, hesabatlılığın və maliyyə resurslarının təyinatı üzrə səmərəli xərclənməsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verə bilər:

"Bu baxımdan, Hesablama Palatası tərəfindən müxtəlif fondlara səpələnmiş ödənişlərin ekoloji vergi adı altında vahid qaydada, məsələn, Dövlət Vergi Xidmətinin xətti ilə toplanmasının təklif edilməsi müvafiq funksiyaların dəqiqləşdirilməsinə və ekoloji qurumların yalnız nəzarət funksiyasına fokuslanmasına şərait yarada bilər. Eyni zamanda, vəsaitlərin vahid fond və ya vergi mexanizmi vasitəsilə toplanması onların növbəti mərhələdə təyinatı üzrə səmərəli xərclənməsini təmin edə bilər. Beynəlxalq praktikada da bu cür yanaşmalara rast gəlinir".

Müsahibimiz əlavə etdi ki, vahid mexanizmin üstünlükləri, ilk növbədə, səmərəliliyin artırılması ilə bağlıdır:

"Məsələn, müxtəlif dövlət qurumlarında və ayrı-ayrı fondlarda pərakəndə şəkildə saxlanılan vəsaitlərin vahid hesabatda birləşdirilməsi onların həcmini izləməyi və hesabatlılığı təmin etməyi asanlaşdıra bilər. Digər tərəfdən, bu, vəsaitlərin təyinatının itməsinin qarşısını alır. Nəticə etibarilə, çirkləndiricilərdən toplanan vəsaitlərin birbaşa həmin çirklənmənin aradan qaldırılmasına yönəldilməsi mümkün ola bilər. Bu baxımdan, düşünürəm ki, təklif çox müsbət qarşılanmalı və təqdir edilməlidir.

Digər tərəfdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi qurumların maliyyə vəsaitlərinin toplanması ilə deyil, birbaşa ekoloji siyasət, təbiətin mühafizəsi və tənzimləmə funksiyaları ilə məşğul olması daha məqsədəuyğundur. Vəsaitlərin başqa bir qurum tərəfindən toplanması isə qeyd etdiyim kimi, onların xərclənməsinə nəzarət mexanizmlərinin növbəti mərhələdə daha uğurlu şəkildə qurulmasına imkan yarada bilər".

Millət vəkili qeyd etdi ki, bu istiqamətdə işi bir neçə mərhələdə təşkil etmək lazımdır:

"Bunların arasında Hesablama Palatası və parlamentin müvafiq komitələri tərəfindən ekoloji fondun və ya vahid büdcə xəttinin vəsaitlərinin illik auditinin aparılması və nəticələrin ictimaiyyətə açıqlanması məsələsi xüsusi yer tuta bilər. Eyni zamanda, məqsədli büdcə prinsipinin tətbiq olunmasına ehtiyac var. Yəni toplanan vəsaitlərin ümumi dövlət büdcəsi çərçivəsində digər sahələrə yönəldilməsinin qarşısını almaqla yanaşı, qanunvericilikdə həmin vəsaitlərin yalnız konkret ekoloji layihələrə xərclənməsini təmin edən hüquqi qaydalar və məhdudiyyətlər müəyyənləşdirilməlidir".

A.Allahverənovun sözlərinə görə, ekoloji ödənişlərin kimlərdən və hansı məbləğdə toplandığının, həmin vəsaitlərin hansı rayonlarda və hansı layihələrə sərf olunduğunun real vaxt rejimində rəqəmsal platformalar vasitəsilə ictimaiyyətə təqdim edilməsi də mümkündür.

"İctimai nəzarətin tətbiqi üçün əlavə alətlərin yaradılmasına da ehtiyac var. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə uyğun olaraq müstəqil ekoloqların, QHT-lərin və yerli icmaların layihələrin icrasına ictimai ekoloji ekspertiza və monitorinq aparmaq hüquqlarının təsbit olunması bu alətlərdən geniş istifadə üçün yeni imkanlar yarada bilər.

Bu baxımdan, mən istənilən halda sözügedən təşəbbüsü və təklifi yüksək dəyərləndirirəm. Düşünürəm ki, gələcəkdə onun reallaşdırılması mümkün olarsa, bu sahədə daha məqsədyönlü fəaliyyətin həyata keçirilməsinə nail ola bilərik. Ən azı, beynəlxalq praktikada mövcud olan nümunələrə istinadən bu fikri söyləyə bilərəm. Gələcəkdə belə bir yanaşmanın tətbiqi ilə yanaşı, qanunvericilikdə zəruri dəyişikliklərin edilməsi, yeni mexanizm və alətlərin istifadəyə verilməsi də vacibdir. Ona görə də bu məsələ kompleks şəkildə həllini tapmalıdır ki, nəticə etibarilə, ətraf mühitin qorunması istiqamətində konkret və hiss olunan nailiyyətlər əldə olunsun", - deyə deputat vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью