Çıxıb gedəcəyəm baş saxlamağa... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

13.11.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Sabir Rüstəmxanlı, Xalq şairi:

- Ramiz Qusarçaylıya

Əzizim Ramiz! Axırıncı görüşümüzdə mənə "İki gül" adlı şeirlər kitabını vermişdin. Bundan da öncə "Vətən" poemasını oxumuşdum. Əvvəllər olduğu kimi, dostlarımızın kitabları haqqında isti-isti ətraflı rəy yazmaq, fikir bildirmək olmur. Yaş artdıqca vaxt sıxıntısı da artır...

"Vətən" - poeziyamızın parlaq nümunələrindən biri kimi ədəbi ictimaiyyət tərəfindən layiqli qiymətini alıb. Bu il nəşr olunmuş "İki gül" kitabı da sənin lirikanın yeni bir uğurudur. Kitab bir çox cəhətləri ilə geniş təhlil oluna və sənin böyük poetik istedadının özəlliklərini, poeziyamızdakı özünəməxsus yerini bir daha göstərə bilər. Kitaba ön söz yazmış dostumuz, akademik Nizami Cəfərov bu işi ustalıqla yerinə yetirib. Mən də öz növbəmdə səni ürəkdən təbrik edirəm.

Kitabını oxuyarkən 1987-ci ildə, qürbətdən mənə yazdığın məkubu  xatırladım.

O məktubda sən "könüllü sürgün"ə getdiyini, Donetsk vilayətinin, Makeevka şəhərində hər gün 1500 metr dərinlikdə daş-kəsəklə əlləşib kömür çıxartdığını yazırdın. Bu sözlərinə Vətəndən ayrılarkən ürək ağrısı ilə pıçıldadığın misralarını da əlavə etmişdin:

Başım çox toxundu bu daş başlara,

Başım öyrəşmədi bu daş-başlara,

Əlim öyrəşmədi bu "daş-qaşlara"

Çıxıb gedəcəyəm "baş saxlamağa".

Sürən kim, minən kim bu arabanı,

Yıxılan çox oldu bu arabadan.

Mənə kim tanıtdı bu "xarabanı"

Çıxıb gedəcəyəm bu "xarabadan"

Ancaq bundan sonra qürbətə getsən də, Vətəndən qopa bilmədiyini, Vətən üçün darıxdığını da  yazmışdın: "İndi o "xaraba" üçün burnumun ucu göynəyir. Bilirəm ki, orda Ə.Kərim var, M.Araz var, M.İsmayıl var, S.Rüstəmxanlı var".

Sonra da Vətəndən üzr istəmişdin. Amma sən şairsən, o üzrxahlıqla ürəyin sakitləşmədi, çünki o incikliyin arxasında Azərbaycana dəli bir məhəbbət dayanırdı və sən o "xaraba"nın sənin gözündə hansı ucalıqda dayandığını, hansı böyük tarixin sahibi olduğunu, mənəvi dünyasının cənnət mənzərəsini "Vətən" poemanda yaratdın. Bəlkə qürbətdə o əziyyətləri görməsən, bu gözəl poema da, "Azərbaycan bayrağı" şeirin də yaranmazdı.

Savaşda qələbə qazanan Əsgərdir, Silahdır.

Ancaq əsgəri bu zəfərə hazırlayan bir də Söz silahıdır.

Buna görə də qələbədə ədəbiyyatın rolunu da unutmaq olmaz.

Vətən eşqi və qələbə inamı ilə dolu olan "İki gül" kitabın və Zəfər bayramın mübarək!

Nigar Köçərli, "Ali və Nino"nun təsisçisi və direktoru:

- "Baku Arts Festival" çərçivəsində çox gözəl bir tədbirdə iştirak etdik.  "Qanunpublishing" tərəfindən tərcümə olunmuş "İpək Yolu" (The Silk Roads) kitabın müəllifi 

Peter Frankopan ilə görüş baş tutdu.

Peter olduqca çox maraqlı insandır. Tarixçi, bestseller müəllifi, Oksford Universitetin professoru.

Hörmətli BİAF təşkilatçıları! Nə yaxşı ki, bu festivala yazıçını dəvət etmisiniz. Özü də Frankopan kimi böyük yazıçını. Yazar sözü tam başqa olur!

Görüş "Baku Book Center"də keçdi.

Qulu Məhərrəmli, professor:

- Cümhuriyyətin ilk tədqiqatçısı

Bu günlər daha qürurla dalğalanan üçrəngli bayrağımız təkcə Cümhuriyyətin rəmzi və nişanəsi deyil, həm də onun ruhudur. Dövlət Bayrağı Günündə hələ sovet dövründə həmin ruhu yaşadan və təbliğ edən bir şəxsiyyət - Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçısı Mövsüm Əliyev haqqında danışmağı vacib sayıram.

Müstəqillik dövründə Cümhuriyyət haqqında yazanların çoxu onun "Odlar yurdu" qəzetində çap olunmuş silsilə məqalələrinə istinad edirdi, çünki publisistika olsa da, ilkin mənbə sayılırdı.

Onun haqqında çox yazıb, çox danışıblar. Amma Rais Rəsulzadənin dediyi heç yadımdan çıxmır: "Hələ sovet dövrü idi. Bir gün emalatxanama ortayaşlı bir adam gəldi, salam-kəlamdan sonra soruşdu ki, siz babanızın kim olduğunu bilirsizmi? Heç cavabımı gözləmədən Cümhuriyyət və babam haqqında heç vaxt eşitmədiyim xeyli məlumat verdi. O söhbətdən sonra Mövsüm Əliyevlə davamlı görüşürdük". Rais bəy onun  müəmmalı ölümü haqqında da yana-yana danışır...

Əslən Zirə kəndindən olan Mövsüm Əliyev 1939-cu ildə kasıb bir ailədə anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra İncəsənət institutunda oxumuşdu, ixtisasca sənətşünas idi. 60-cı illərin sonlarından başlayaraq Cümhuriyyət tarixinə aid sənədləri toplamağa başlayıb. 1970-1980-ci illərdə Azərbaycan Cümhuriyyətinin qurucuları haqqında araşdırmalarını dərinləşdirib, o dövrə aid xeyli sənəd toplayıb. 

Sovet rejimi dövründə (1988-ci il) Məhəmməd Əmin Rəsulzadə haqqında ilk məqaləsini yazıb. Daha sonra Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər Cümhuriyyət xadimləri haqqında sanballı məqalələr yazıb. Bəlli səbəbdən məqalələrini "Əlioğlu" imzası ilə çap etdirib. 

Mövsüm Əliyev Cümhuriyyət qurucuları ilə bağlı məlumatları arxivlərdən gizli şəkildə köçürür, sənədlərin surətini gizli şəkildə çıxarıb saxlayırdı. Bu işdə ona yaxın dostu, akademik Ziya Bünyadov da kömək edirdi. Bəzi məlumatlara görə, Ziya müəllim bəzən DTK arxivlərindəki mühüm sənədləri özü ona gizli şəkildə çatdırırmış.

Tədqiqatlarını dərinləşdirən Mövsüm Əliyev həmin dövrdə milli adamlar hesab etdiyi publisist-tərcüməçi, AJB-nin sədri Hacı Hacıyev və diplomat, mühacirətşünas-tədqiqatçı Ramiz Abutalıbovla dostluq edir, fikirlərini onlarla bölüşürmüş.

Şahidlərin dediyinə görə, Mövsüm Əliyev kaslblıq içində yaşasa da, Cümhuriyyətə aid sənədləri pulla alırmış, 28 May - İstiqlal Gününü isə xüsusi səxavətlə qeyd edirmiş.

1993-cü ildə M.Ə.Rəsulzadəni müdafiə məqsədilə yazdığı bir məqalədə bəzi tarixi faktları açıqladığına görə M.Əliyev həbs edilir və ilyarıma qədər həbsxanada yatır.

Həbsxanada saxlanma şəraiti pis olduğu üçün səhhətində problemlər yaranır. Oradan çıxdıqdan az sonra infarkt keçirir. Daha sonra sinir ağrıları və nevroloji problemləri olur, yeriməyində çətinliklər yaranır. 

Cümhuriyyətin ilk araşdırmaçısı 1998-ci ilin dekabrında son günlərini yaşadığı Poluxin 44 ünvanındakı evində vəfat edib.  Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər.

Yazılanlara görə, Mövsüm Əliyevin zəngin şəxsi arxivi var imiş. Məlumatlara görə, ölümündən sonra onun iki kisəyə yaxın sənədini mənzil-istismar sahəsinin işçiləri aparıblar. Həmin sənədlərin taleyi indiyə kimi məlum deyil.

Allah Mövsüm Əliyevə və Cümhuriyyətin dünyasını dəyişmiş digər araşdırmaçılarına rəhmət eləsin!

Səidə Haqverdiyeva, rejissor:

- Aygün Attar bir müddətdir ki, gecəsini gündüzünə qataraq, demək olar, hər gün sosial mediada öz mübarizəsini davam etdirirdi. Müsahibələr, məqalələr, çıxışlar... Hədəfə alındı, haqqında qarayaxma kampaniyaları aparıldı, müxtəlif təzyiqlərlə üzləşdi. Amma geri çəkilmədi.

Aygün xanım bu torpağın azadlığı uğrunda şəhid vermiş bir ailənin övladıdır. Belə bir insanı nə qorxuda bilər ki?!

Onu yaxından tanıdığım üçün əminliklə deyirəm: son aylarda, demək olar ki, gözünə yuxu getmədi. Yorulmadan, usanmadan çalışdı. Vətən üçün, xalq üçün, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın qorunması naminə.

Dünən fotolardakı təbəssümünə baxdım. Sanki nəhayət, rahat nəfəs aldığını hiss etdim. O təbəssümdə uzun müddətdir daşıdığı yorğunluğun bir qədər geridə qaldığını, qəlbinə rahatlıq gəldiyini gördüm. Bəzən bir insanın təbəssümü min sözün ifadə edə bilmədiyini anlatmağa kifayət edir.

Bəzən insanın mübarizəsini anlamaq üçün onun nə dediyinə deyil, nələrdən keçərək susmadığına baxmaq lazımdır.

Aygün xanımın bu müddətdə göstərdiyi əzmkarlıq və fədakarlıq mənim üçün məhz belə bir mübarizənin nümunəsidir.

Yorulmayın, Aygün xanım. Qoy bundan sonra üzünüzdən təbəssüm, qəlbinizdən rahatlıq əskik olmasın.

Ədalət Muradov, UNEC-in rektoru:

- Xaricdə təhsil alanlara Çində iş məhdudiyyəti 

Əvvəllər xaricdə təhsil alıb ölkəyə qayıdan məzunlar Çində yüksək qiymətləndirilən, istedadlı kadrlar kimi xarakterizə olunurdular. Amma indi vəziyyət dəyişir. Artıq Çində dövlət qurumlarında yüksək vəzifələrə yalnız ölkə daxilində təhsil almış məzunlar təyinat ala biləcəklər.

Çin yanaşmasının nə qədər doğru olduğunu zaman göstərəcək.

Uğurlar!

Hər şey daha da yaxşı olacaq!

Qoşqar Salmanlı, jurnalist:

- Bakıda İcbari Tibbi Sığorta ilə işləyən dövlət xəstəxanaları biri-birinin ardınca təmirə dayanır. El arasında "Respublikanski" adlanan xəstəxana, Nərimanovda yerləşən 4 nömrəli xəstəxana, Ağ ciyər xəstəxanası bağlıdır. Xəstələr hara getməlidir? İşbaz səhiyyə məmurları bunun yolunu tapıb. Onlara məxsus özəl xəstəxanalara getmək lazımdır. Bircə misal çəkim. Onkoloji xəstənin bir dövlət xəstəxanasında pulsuz olan müayinəsi özəl xəstəxanada 700- 1500 manatdır.

Zahir Əhmədov, İsveçrə Səfirliyi/İsveçrə Əməkdaşlıq Ofisi, Milli Proqram Rəhbəri:

- 987-988-ci illərdə Kiyev Rus dövlətinə din seçərkən knyaz Vladimirin əsas seçimlərindən biri İslam dini idi. Amma biləndə ki, İslam dini içkini və donuz ətini haram buyurub, knyaz Vladimir bu fikirdən daşınıb xristianlığı dövlət dini olaraq qəbul eləmişdi.

Fərhad Cabbarov, tarix elmləri doktoru:

- Telekanalların birindən yığıb bir milyonçu haqqında sual veriblər. Deyirəm ki, onun haqqında Manaf Süleymanov yazmışdı vaxtilə. Əməkdaş mənə: "Manaf müəllimin telefon nömrəsini verə bilərsiniz?"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью