Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Kiyev meri Vitali Kliçko Ali Radanın kürsüsündən mərkəzi hakimiyyəti kəskin tənqid etməyə başlayan zaman mikrofonu söndürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentin “YouTube” kanalındakı canlı yayımından bəlli olub.
“Ukraynada yerli özünüidarəetməni təkcə Kiyevdə deyil, uydurma bəhanələrlə icma rəhbərlərini uzaqlaşdırmaqla, cəfəng ittihamlar irəli sürməklə və cinayət işləri ilə qorxutmaqla məhv etməyə çalışırlar”, – deyə Kliçko mikrofonu kəsilməzdən bir an əvvəl bildirib.
Mikrofon söndürüldükdən sonra Kliçko təəccüblə geriyə dönüb, parlament zalında isə alqış səsləri ucalıb.
Qeyd edək ki, Kiyev meri çıxışı zamanı gərginlik yaşadığı Ukrayna Prezidenti Volodimir Zelenskiyə qiyabi müraciət edərək, paytaxtın hava hücumundan müdafiə sisteminin niyə işləmədiyini və onun gücləndirilməsinə ayrılan milyardların haraya xərcləndiyini soruşub. O, həmçinin qışa hazırlığı iflasa uğratması ilə bağlı ünvanına səslənən ittihamları “şou” adlandırıb və hökumətin ayrılan pulları dondurduğu üçün şəhərlərin soyuqlara hazır olmadığını vurğulayıb.
Xatırladaq ki, Zelenski Kiyev rəhbərliyini və şəxsən Kliçkonu qışa hazırlığı təxirə salmaqda ittiham etmişdi. Mer isə bu ittihamların onu vəzifədən kənarlaşdırmaq və yerinə hərbi administrasiya rəhbərini təyin etmək üçün bəhanə olduğunu bəyan edərək, növbəti seçkilərə qədər postunu tərk etməyəcəyini qeyd edib.