Çiy balıq riski: Suşi seçərkən nələrə diqqət etməli?

26.01.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar Yaponiyanın məşhur yeməyi olan suşiyə maraq xeyli artıb və bu, suşi təqdim edən məntəqələrin sayının çoxalmasına səbəb olub. Lakin suşinin əsas tərkib hissəsi olan çiy balıq onun təhlükəsizliyi məsələsini də gündəmə gətirir.

Bəs suşi nə dərəcədə təhlükəlidir və keyfiyyətli suşini necə seçmək olar?

Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov qeyd etdi ki, suşi düzgün və gigiyenik şəraitdə hazırlandıqda təhlükəsiz və faydalı qida hesab olunur, lakin əsas risk onun çiy balıqdan hazırlanması ilə bağlıdır:

"Çiy və ya kifayət qədər emal olunmamış balıqda parazitlər, eləcə də Listeria, Salmonella və Vibrio kimi bakteriyalar mövcud ola bilər. Bu isə xüsusilə hamilələr, uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün daha ciddi sağlamlıq riski yaradır. Suşinin təhlükəsizliyi əsasən istifadə olunan xammalın keyfiyyətindən və saxlanma şəraitindən asılıdır. Keyfiyyətli suşi yalnız çiy istehlaka uyğun olan “sushi-grade” balıqdan hazırlanmalı, balıq müvafiq temperaturda dondurulmalı və soyudulmuş vəziyyətdə saxlanmalıdır".

Ekspert əlavə etdi ki, düyünün hazırlanmasında istifadə edilən suyun keyfiyyəti, sirkə nisbətinin düzgün seçilməsi və ümumi gigiyena qaydalarına əməl olunması da mühüm əhəmiyyət daşıyır:

"Suşi seçərkən məntəqənin təmiz və səliqəli olmasına, balığın qoxusuz, rənginin isə parlaq və təbii görünməsinə diqqət yetirilməlidir. Suşinin otaq temperaturunda uzun müddət saxlanmaması, menyuda məhsulların tərkibinin aydın göstərilməsi və müştəri dövriyyəsi yüksək olan yerlərə üstünlük verilməsi təhlükəsizlik baxımından vacib amillərdir. Nəticə etibarilə, suşi özü-özlüyündə təhlükəli qida deyil. Risk daha çox onun harada, necə və hansı şəraitdə hazırlanması ilə bağlıdır. Düzgün seçilmiş, keyfiyyətli xammaldan və gigiyenik şəraitdə hazırlanmış suşi təhlükəsizdir, əks halda isə sağlamlıq üçün risk yarada bilər".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью