Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ-də bir kişi çiy istridyə yedikdən sonra ağır zəhərlənmə keçirərək ürəyi dayandıqdan sonra komaya düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
ABŞ-nin İllinoys ştatında yaşayan, dəniz piyadası veteranı və keçmiş yanğınsöndürən Co Belcio bir restorana qarşı məhkəmə iddiası qaldırıb. O, restoranda yediyi çiy istridyələrin ağır zəhərlənməyə və sağlamlığında geri dönməz fəsadların yaranmasına səbəb olduğunu iddia edib.
İddiaya görə, restorana getdikdən sonra özünü pis hiss edən Belcionun analizləri zamanı iki bakterial infeksiya aşkarlanıb. Onun vəkilləri kişinin bu infeksiyalara çiy istridyə qəbul etdikdən sonra yoluxduğunu bildirirlər.
Kişinin vəziyyəti daha sonra kəskin şəkildə ağırlaşıb. O, ağır ürək tutması keçirib və nəticədə beyninə uzun müddət kifayət qədər oksigen çatmayıb. Belcio bir neçə ay komada qalıb.
Hazırda onun xüsusi reabilitasiyaya və daimi tibbi yardıma ehtiyacı olduğu bildirilir. Vəkillərinin sözlərinə görə, kişinin müalicəsinə çəkilən xərclər artıq 1 milyon dolları keçib və artmaqda davam edir.
Ailəsi restorandan təzminat tələb edir. Onlar həkimlərin xəstəlik və sonradan yaranan ağırlaşmaları məhz istridyə qəbulu ilə əlaqələndirdiyini bildirirlər.
Restoran rəhbərliyi isə ittihamları qəbul etmir. Müəssisənin nümayəndələri digər müştərilər arasında oxşar xəstəlik hallarının qeydə alınmadığını, aparılan daxili araşdırma zamanı da Belcionun vəziyyətinin restoranda təqdim olunan qida ilə əlaqəsini təsdiqləyən sübut aşkarlanmadığını açıqlayıblar.
NURİYYƏ