futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA 2026/27 mövsümündən etibarən Çempionlar Liqasında ilk dəfə mübarizə aparacaq futbolçular üçün fərqli bir yeniliyə imza atır.
Futbolpress.az xəbər verir ki, tətbiq olunacaq yeni standarta əsasən, Avropanın ən nüfuzlu klub turnirində karyerasının ilk matçını keçirən oyunçuların geyimində xüsusi “debütant nişanı” əks olunacaq. Həmin atribut formanın qol hissəsində, Çempionlar Liqasının rəsmi loqosunun yanında yer alacaq.
Bu imtiyazdan yalnız futbolçunun debüt matçında istifadə etməsinə icazə veriləcək.
Matçın fiti səsləndikdən sonra nişan formadan söküləcək və futbolçunun öz imzasının yer alacağı xatirə kartına bərkidiləcək. Oyun geyimi isə debütantın şəxsi kolleksiyasında saxlanılacaq.
Bu xüsusi nişan hər bir idmançıya bütün karyerası boyu cəmi bir dəfə təqdim edilə bilər. Futbolçu gələcəkdə başqa komandaya keçib UEFA yarışlarında yenidən boy göstərsə də, bu atributu təkrar əldə edə bilməyəcək.