Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu – 8-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, Portuqaliyanın “Benfika” klubunun norveçli vingeri Andreas Şelderup həftənin futbolçusu seçilib.
21 yaşlı istedadlı oyunçu bu ada “Benfika”nın öz meydanında İspaniya nəhəngi “Real Madrid”i 4:2 hesabı ilə məğlub etdiyi tarixi matçdakı möhtəşəm çıxışı ilə layiq görülüb. Şelderup sözügedən qarşılaşmada dubl edərək komandasının qələbəsində və pley-off mərhələsinə vəsiqə qazanmasında həlledici rol oynayıb. Məhz bu məğlubiyyət “Kral klubu”nun Liqa mərhələsini ilk səkkizlikdən kənarda bitirməsinə səbəb olan əsas amillərdən biri olub.
Norveçli futbolçu sorğuda kifayət qədər ciddi rəqibləri qabaqlamağı bacarıb. O, təmsilçimiz “Qarabağ”la matçda (6:0) dubl edən Aleksis Makallisteri (“Liverpul”), “Vilyarreal”a qarşı oyunda (3:0) iki qol vuran Malik Tillmanı (“Bayer Leverkuzen”) və “Napoli” ilə gərgin qarşılaşmada (3:2) iki dəfə fərqlənən Joao Pedronu (“Çelsi”) səsvermədə geridə qoyub.
Xatırladaq ki, Andreas Şelderup bu mövsüm göstərdiyi oyunla artıq Avropanın bir neçə nəhəng klubunun transfer radarında yer alır. Onun bu performansı “Benfika”nın turnirin növbəti mərhələsindəki şanslarını daha da artırıb.