Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran ABŞ-ın paytaxtı Vaşinqtonda “çirkli bomba” partlatmaqla və ya kimyəvi silahdan istifadə etməklə Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planı hazırlayır. Lakin hücumun həyata keçirilməsi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İranın hücum planı
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, İran hələlik mümkün əməliyyatın müxtəlif variantlarını nəzərdən keçirir. Kəşfiyyat məlumatları Tehranın mütləq hücum edəcəyini deməyə əsas vermir.
Bununla belə, CNN-ə danışan bəzi mənbələr qeyd ediblər ki, müzakirə olunan planlar kifayət qədər konkret xarakter daşıyır. Belə ki, sənədlərdə mümkün hücumların həyata keçiriləcəyi yerlər və hədəflər də göstərilib.
Bu məlumatlar ABŞ-ı sözügedən təhdidlərin qarşısını almaq üçün müvafiq tədbirlər hazırlamağa vadar edib.
“Çirkli bomba” üçün materiallar ABŞ-da yerləşdirilib?
CNN-ə danışan mənbələrdən biri kəşfiyyat məlumatlarına istinadən bildirib ki, “çirkli bomba”nın hazırlanması üçün zəruri materiallar artıq ABŞ ərazisində yerləşdirilib.
Amerikalı rəsmi şəxslər telekanala açıqlamalarında İranın belə bir silahın komponentlərini ABŞ ərazisinə gətirməsinin və orada yerləşdirməsinin kifayət qədər asan ola biləcəyini vurğulayıblar.
Xüsusi xidmət orqanlarının əməkdaşları isə ehtimal edirlər ki, həmin materiallar ABŞ ərazisində illər, hətta onilliklər əvvəl yerləşdirilmiş ola bilər.
Qeyd edək ki, CNN-in istinad etdiyi kəşfiyyat məlumatlarında İranın mümkün hücum planları barədə konkret detallar yer alsa da, Tehranın belə bir əməliyyatı həyata keçirmək barədə yekun qərar verdiyinə dair təsdiqlənmiş məlumat yoxdur.
Rəsmiyyə Şərifova,
KONKRET.az