“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07.10.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bakıda biznes dünyasının müxtəlif istiqamətlərini təmsil edən şirkətləri, sahibkarları, investorları, startapları və biznes ictimaiyyətinin digər nümayəndələrini bir araya gətirən “Comelson Business Expo 2026” sərgisi keçirilir. 3 gün davam edəcək olan tədbir yeni biznes əlaqələrinin qurulması, məhsul və xidmətlərin təqdim edilməsi, tərəfdaşlıq imkanlarının genişləndirilməsi və işgüzar münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm platforma kimi diqqət çəkir.

“Comelson Azərbaycan” və Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) təşkilatçılığı ilə keçirilən sərgidə müxtəlif iqtisadi fəaliyyət sahələrini əhatə edən şirkətlər öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgi iştirakçıları arasında şirkət rəhbərləri, sahibkarlar, investorlar, startaplar, media nümayəndələri və yeni biznes imkanları axtaran ziyarətçilər yer alır.

Expo Mərkəzində stendlər arasında dolaşdıqca diqqət çəkən əsas məqamlardan biri biznes sektorunda rəqəmsal həllərin sürətlə yayılması idi. Əvvəllər sahibkar üçün ayrıca mühasibat proqramı, anbar uçotu, satış sistemi, müştəri bazası və digər idarəetmə mexanizmləri tələb olunurdusa, indi bütün bu prosesləri vahid platformada birləşdirməyə imkan verən həllər təqdim olunur. Başqa sözlə, rəqəmsallaşma biznesin gələcəyinə aid uzaq perspektiv kimi deyil, artıq gündəlik fəaliyyətin bir hissəsi kimi sərgi stendlərində özünü göstərir.

                                               ***

Expoda “SmartDm.io”nun sərgidəki pavilyonuna yaxınlaşdıq. Portalın rəqəmsal həllər istiqamətində məsul şəxsi Cavad Qurbanlı ilə həmsöhbət olduq. O bildirdi ki, təqdim etdikləri platformada platformalardan bəziləri mağaza və digər biznes subyektlərinin fəaliyyətini mobil telefon vasitəsilə idarə etməyə imkan verir. Alış və satış əməliyyatları, anbar qalığı, maliyyə göstəriciləri, gəlir və xərclər, mənfəət hesabatları və digər əsas funksiyalar bir sistemdə toplanır. Bu isə sahibkara biznesin vəziyyətini istənilən vaxt və istənilən yerdən izləmək imkanı yaradır. Cavad bəy dedi ki, portalda “Aİ WhatsApp” inteqrasiyasının yaradılması sahibkara potensial müştərilərlə birbaşa ünsiyyət qurmağa, kampaniyalar, xüsusi təkliflər və müxtəlif bildirişlər göndərməyə imkan verir. Beləliklə, satış prosesi ilə yanaşı, müştəri münasibətlərinin idarə edilməsi də vahid rəqəmsal ekosistemin tərkib hissəsinə çevrilir.

Sərgidə rəqəmsal həllərin tətbiq olunduğu istiqamətlər yalnız biznes idarəçiliyi ilə məhdudlaşmır. Gündəlik həyatımızın bir çox sahəsi də artıq texnologiyanın imkanları hesabına daha rahat və çevik formaya düşür.

Belə nümunələrdən biri rəqəmsal dəvətnamə xidmətidir. İnvitation.az portalının pavilyonunda, Şəhla Həsənovanın təqdimatında yeniliklərlə tanış olduq. Xanım qeyd etdi ki,  bu həll ənənəvi kağız dəvətnamələrə müasir alternativ yaradır. Onun sözlərinə görə, xidmət toy, nişan, ad günü və korporativ tədbirlər də daxil olmaqla müxtəlif mərasimlər üçün nəzərdə tutulub: “Biz rəqəmsal dəvətnamə təqdim edirik. Məqsədimiz ənənəvi kağız dəvətnamələrdən istifadəyə alternativ yaratmaq və prosesi daha rahat etməkdir. Toy, nişan, ad günü, korporativ tədbirlər üçün rəqəmsal dəvətnamələr hazırlamaq mümkündür. Saytımız vasitəsilə bilet satışı da həyata keçirilir. Dəvətnaməni fərdi şəkildə hazırlamaq, tədbirdən bir gün əvvəl qonaqlara xatırlatma göndərmək olar”.

Bu nümunə əslində rəqəmsal transformasiyanın gündəlik həyatın ənənəvi vərdişlərinə qədər necə daxil olduğunu göstərir. Kağız üzərində təqdim olunan dəvətnamənin yerini funksional, interaktiv və daha çevik rəqəmsal xidmət tutur.

Expo çərçivəsində sahibkarlara təqdim olunan imkanlar sırasında mühasibatlıq, maliyyə, vergi və insan resursları sahəsində xidmətlər də xüsusi yer tutur. Şirkətlərin fəaliyyətində bu istiqamətlərin hər biri həm vaxt, həm də peşəkar resurs tələb edir. Sərgidə təqdim olunan rəqəmsal və konsaltinq həlləri isə həmin proseslərin daha sistemli şəkildə idarə olunmasına yönəlib.

“ABSP” şirkətinin təmsilçisi Orxan Yusifzadə təmsil etdiyi şirkətin fəaliyyəti barədə danışarkən mühasibatlıq, maliyyə, vergi və insan resursları üzrə xidmətlər göstərdiklərini qeyd etdi. Onun sözlərinə görə, əsas məqsəd sahibkarların bu sahələr üzrə ehtiyaclarını daha çevik şəkildə qarşılamaq və bir sıra prosesləri rəqəmsal platformalar vasitəsilə idarə etməkdir: “Burada diqqət çəkən məqam ondan ibarətdir ki, rəqəmsal platformalar artıq yalnız iri şirkətlərin gündəliyində deyil. Kiçik və orta sahibkarlıq subyektləri üçün də proseslərin avtomatlaşdırılması, məlumatların vahid sistemdə toplanması və idarəetmənin mobil tətbiqlər üzərindən həyata keçirilməsi biznesin səmərəliliyinin artırılması baxımından mühüm alətə çevrilir.”

“Microsol” şirkətinin proqram təminatı üzrə tərtibatçısı Elxan Məmmədli də şirkətinin təqdim etdiyi həllər, üstünlüklər və gözləntilərdən danışdır. Bildirdi ki, şirkət bir neçə önəmli tətbiq etmənin qurucusudur: “ ”Giri”, “Storo” və digər platformalarımız bir neçə aspektdə sahibkarlara xidmət edir. İlk platforma, birbaşa, sahibkarlarla işə ehtiyac duyan şəxslər arasında bağlantını asanlaşdırır. Qeyd edim ki, sözügedən tətbiq etmədə qeydiyyat artıq SİMA İmza ilə mümkündür. Buda saxta profillərin qarşısının alınmasına xidmət edir.”

Sərgidə logistika və beynəlxalq yükdaşıma sektoru da öz yerini alıb. Bu sahədə rəqəmsal həllərlə yanaşı, Azərbaycanın regional və beynəlxalq ticarət əlaqələrində iştirakını təmin edən xidmətlər də təqdim olunur.

“ASE Logistics” MMC-nin təmsilçisi Taleh Şahvələdov isə bildirdi ki, təmsil etdiyi şirkət logistika, beynəlxalq və daxili yükdaşıma sahəsində fəaliyyət göstərir. Şirkət öz nəqliyyat vasitələri ilə yanaşı, icarəyə götürülmüş yük maşınlarından da istifadə edir və Avropa, Asiya istiqamətində daşımalar həyata keçirir. Onun sözlərinə görə, şirkət həm idxal, həm də ixrac yüklərinin daşınmasını həyata keçirir, müştərilərlə rəsmi müqavilələr əsasında çalışır və daşımaların həyata keçirilməsi zamanı müxtəlif ödəniş şərtləri təqdim edir.

Əslində logistika sektorunun bu cür sərgilərdə təmsil olunması təsadüfi xarakter daşımır. Müasir biznes mühitində məhsulun istehsal olunması qədər onun bazara çatdırılması, sifarişlərin operativ icrası və təchizat zəncirinin düzgün qurulması da əhəmiyyət daşıyır. Bu baxımdan logistika xidmətləri ilə digər biznes həllərinin eyni platformada təqdim olunması şirkətlər arasında yeni əməkdaşlıq imkanları yaradır.

“Comelson Business Expo 2026”nın müşahidə olunan əsas xüsusiyyəti də məhz biznesin müxtəlif sahələrinin vahid məkanda qarşılaşmasıdır. Burada bir tərəfdə rəqəmsal idarəetmə sistemləri, digər tərəfdə maliyyə və insan resursları xidmətləri, başqa bir stenddə isə logistika və beynəlxalq yükdaşıma imkanları təqdim olunur. Bütün bunlar biznes mühitində gedən dəyişimin ümumi mənzərəsini formalaşdırır. Sahibkar üçün çeviklik, operativlik, müştəri ilə davamlı əlaqə və biznes proseslərinə real vaxt rejimində nəzarət getdikcə daha böyük əhəmiyyət qazanır. Texnologiya isə bu tələblərə cavab verən əsas vasitələrdən birinə çevrilir.

Sərgi həmçinin göstərir ki, rəqəmsallaşma artıq ayrıca bir sahə kimi deyil, iqtisadi fəaliyyətin demək olar ki, bütün istiqamətlərinə nüfuz edən geniş proses kimi çıxış edir. Mühasibatlıqdan satışa, anbardan logistika və müştəri xidmətlərinə qədər bir çox proses vahid rəqəmsal platformalarda birləşdirilir.

Nəticə etibarilə, “Comelson Business Expo 2026” sadəcə şirkətlərin məhsul və xidmətlərini nümayiş etdirdiyi məkan təsiri bağışlamır. Sərgi həm də Azərbaycan biznesinin hansı istiqamətdə dəyişdiyini, sahibkarların hansı texnoloji həllərə maraq göstərdiyini və gələcəyin biznes modelinin hansı prinsiplər üzərində formalaşdığını müşahidə etmək üçün maraqlı platforma təsiri yaradır.

Nurlan ABDALOV

XQ

Foto: Rauf İBRAHİMOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью