Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
CONMEBOL prezidenti Alexandro Dominqes "Grupo Vazquez" maliyyə konqlomeratından təxminən 3,5 milyon dollar vəsait əldə edib. Sport24.az xəbər verir ki, bu barədə Paraqvayın "ABC Color" nəşri əldə etdiyi sənədlərə və daxili yazışmalara istinadən məlumat yayıb.
Mənbəyə əsasən, 2025-ci il dekabrından 2026-cı il avqustuna qədər "Grupo Vazquez"in korporativ hesabından Dominqesə "Ueno Bank" vasitəsilə yeddi köçürmə həyata keçirilib. Ödənişlərin təyinatında qeyd olunub ki, bunlar 28 oktyabr 2025-ci ildə imzalanmış müqaviləyə əsasən, gələcək komissiya haqları üçün avans ödənişləridir.
Hazırda cinayət ittihamları ilə üzləşən Federiko Migel Vaskes (Federico Miguel Vazquez) sözügedən konqlomerata rəhbərlik edir. "ABC Color"un məlumatına görə, Dominqesə edilən ödənişlər Macarıstanın "OTP Bank"ının "Ueno Bank"da səhmdar olması ilə bağlı razılaşma çərçivəsində həyata keçirilib. İnvestor iki mərhələdə – 2025-ci ilin sonunda 30 milyon dollar və 2026-cı ilin iyununda daha 17 milyon dollar olmaqla, ümumilikdə 47 milyon dollar sərmayə qoyub.
Nəşr qeyd edir ki, bu sövdələşmə üzrə komissiya haqqı ümumi investisiyanın 7,5%-i həcmində müəyyən edilmiş ola bilər ki, bu da təxminən 3,5 milyon dollar təşkil edir.
"ABC Color" həmçinin bildirir ki, Dominqes və "Grupo Vazquez" arasında özəl təyyarələrə malik olan bir şirkətlə bağlı ortaq biznes maraqları mövcuddur. Eyni zamanda, CONMEBOL-a məxsus təxminən 14 milyon dollar vəsait hazırda nizamlanma prosesində olan "Ueno Bank"da dondurulmuş vəziyyətdə qalır.