Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son illərdə Azərbaycanın qlobal səviyyədə əldə etdiyi uğurlar və regional güc mövqeyinin möhkəmlənməsi bəzi beynəlxalq dairələrin ciddi narahatlığına səbəb olub.
Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regional siyasətdə fəal aktor kimi çıxış edir, iqtisadi və siyasi müstəqilliyini gücləndirir, bu isə bəzi dairələrin maraqlarına ziddir.
Bu səbəbdən Azərbaycana qarşı müxtəlif yollarla siyasi təzyiqlər və informasiya müharibələri həyata keçirilir.
Azərbaycanın beynəlxalq arenada həyata keçirdiyi tədbirlərə qarşı yönəlmiş siyasi demarşların ardıcıllığı diqqət çəkir.
Xüsusilə, COP29 İqlim Konfransının Bakıda keçirilməsi fonunda Qərb ölkələrinin birgə "anti-Azərbaycan" kampaniyasını görmək mümkündür.
Azərbaycanın COP29 İqlim Konfransına ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olmaqla yanaşı, ölkəmizə qarşı növbəti dezinformasiya və qaralama kampaniyalarının başlanğıcını qoydu.
Bu cür kampaniyalar, əsasən, Azərbaycanın beynəlxalq nüfuzunu zəiflətmək, müstəqil siyasətinə təsir göstərmək və strateji təşəbbüslərini gözdən salmaq məqsədi daşıyır.