Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan 2026-cı ildə COP17 biomüxtəliflik konfransına ev sahibliyi edəcək və bu, ölkənin beynəlxalq imicini gücləndirmək üçün strateji fürsət hesab olunur.
Mövzuyla bağlı Bakıvaxtı.az açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, 2026-cı ilin oktyabrında Ermənistanın ev sahibliyi edəcəyi COP17 ötən il Azərbaycanda keçirilən COP29-la qarışdırılmamalıdır. Çünki COP29 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olan ölkələrin konfransı idi. Ermənistanda keçiriləcək tədbir isə biomüxtəliflik üzrə tərəflərin konfransıdır.
Yəni, status və kontekst baxımından Azərbaycanda baş tutan COP29 daha geniş və daha mötəbər tədbir hesab olunur. Əhəmiyyət baxımından da COP29 daha yüksək səviyyəli idi. Bununla belə, Ermənistanın biomüxtəlifliklə bağlı COP17-yə ev sahibliyi etməsi faktı da danılmazdır. Ermənistan tərəfi bildirib ki, tədbirə 196 ölkəyə dəvət göndərilməsi planlaşdırılır, o cümlədən Azərbaycana da:
"Ümumiyyətlə, bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək istənilən ölkənin imicinə müsbət təsir göstərə bilər. Əsas məqsədlərdən biri də məhz beynəlxalq imicin və statusun möhkəmləndirilməsidir. Lakin təəssüf ki, bəzi hallarda beynəlxalq media və ictimaiyyət bu cür tədbirləri keçirən ölkələrə qarşı qərəzli yanaşma sərgiləyir".
Politoloqun sözlərinə görə, Azərbaycana qarşı da COP29 dövründə “Washington Post”, “New York Times”, “Le Monde” kimi media qurumlarında əsassız tənqidlər səsləndirildi. Azərbaycanın neft ölkəsi olması əsas arqument kimi təqdim olunurdu. Halbuki, ölkənin neft ehtiyatlarına malik olması onun belə tədbirlərə ev sahibliyi etməsinə mane olmamalıdır. Azərbaycan əksinə sübut etdi ki, neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl enerji sahəsində də ciddi təşəbbüslər irəli sürmək mümkündür:
"Bu kontekstdə nəzərə alsaq ki, həmin media qurumlarının bir qismi Ermənistan lobbisinin təsiri altındadır və hazırda erməni diasporası ilə Paşinyan hakimiyyəti arasında da müəyyən fikir ayrılıqları mövcuddur, COP17 ərəfəsində Ermənistana qarşı tənqidi materialların artması istisna deyil. Hətta ABŞ-də ən güclü erməni diaspora təşkilatlarından biri olan ANCA Paşinyanın Donald Trampın sülh təşəbbüslərinə yaxınlaşmasını da müsbət qarşılamayıb".
Sultan Zahidov: COP17-in hansı siyasi hakimiyyət dövründə keçirilməsi mühüm əhəmiyyət kəsb edir
Müsahibimizin fikrincə bu isə onu göstərir ki, COP17-dən əvvəl və tədbir zamanı Ermənistanla bağlı xaricdəki erməni diasporasının təsiri altında olan media qurumları tərəfindən tənqidlər və təzyiqlər ola bilər.
Rəsmi İrəvan isə bu tədbirdən siyasi və diplomatik baxımdan faydalanmağa çalışacaq. Burada əsas hədəflər ölkənin beynəlxalq statusunun artırılması, COP17-dən yumşaq güc aləti kimi istifadə olunması, beynəlxalq investisiyalar və turizm üçün cəlbediciliyin yüksəldilməsidir. Bu baxımdan belə mötəbər tədbirlərin keçirilməsi Ermənistan üçün müəyyən imkanlar yaradır:
"Lakin vacib bir məqam COP17 keçirilən zaman Ermənistanda hansı siyasi hakimiyyətin olacağıdır. Çünki ondan bir il əvvəl Ermənistanda parlament seçkiləri keçiriləcək. Əgər Paşinyan bu seçkilərdə qalib gələrsə, siyasi kontekst və ümumi mühit fərqli olacaq. Əks halda, yəni revanşist və radikal qüvvələr hakimiyyətə gələrsə, vəziyyət tamamilə dəyişə bilər".
S.Zahidov qeyd edib ki, bu halda həm COP17-in keçirilməsi, həm də regiondakı ümumi siyasi atmosfer risk altına düşə bilər. Azərbaycanın mövqeyi də Ermənistanın parlament seçkilərindən sonra yürüdəcəyi siyasətdən birbaşa asılı olacaq. Hazırda Paşinyan hakimiyyəti sülh gündəmini ön plana çıxarır və Azərbaycanla sülh şəraitində yaşamağa hazır olduğunu bəyan edir. Lakin bu xəttin davam edib-etməyəcəyi məhz seçkilərin nəticəsindən asılı olacaq:
"Bu baxımdan COP17-in hansı siyasi hakimiyyət dövründə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Revanşist qüvvələrin hakimiyyətə gəlməsi yalnız sülh prosesini deyil, eyni zamanda Ermənistanın belə beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını da arxa plana ata bilər".
Zeynəb Rzayeva