COP17 İrəvana nə vəd edir? Ermənistan “normal ölkə” imici yaratmaq istəyir

27.01.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan bu il oktyabrın 18-30-da keçiriləcək BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci (COP17) sammitinə hazırlaşır. Rəsmi İrəvan Azərbaycan nümayəndə heyətini rəsmi olaraq qəbul etməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Ambarsum Matevosyan məlumat yayıb.

Onun sözlərinə görə, COP17 sammitinin keçirilməsi ilə bağlı bildirişlər artıq 196 üzv ölkəyə çatdırılıb və yaxın günlərdə rəsmi dəvətlər də göndəriləcək.

Ermənistanın COP17 üçün bütün ölkələri dəvət etməsi və iqlim diplomatiyasının fəallaşması ölkənin beynəlxalq imicinə təsir göstərir. Rəsmi İrəvan COP17-ni siyasi və diplomatik baxımdan hansı strateji məqsədlərə nail olmaq üçün istifadə edə bilər?

Politoloq Kazım Kazımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın beynəlxalq aləmdə imici heç də yüksək deyil. Onun sözlərinə görə, bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan uzun müddət Qarabağı işğal altında saxlayıb və Moskvanın təsiri altında olan xunta rejimləri tərəfindən idarə olunub. Politoloq deyib ki, burada söhbət Köçəryan, Sarkisyan və hətta Levon Ter-Petrosyan dövrlərindən gedir:

“Bu səbəbdən Ermənistanın işğalçı dövlət kimi tanınması, xunta rejimləri tərəfindən idarə olunması, eləcə də erməni diasporunun 1970-ci illərdən etibarən dünyada terrorizmi açıq şəkildə dəstəkləməsi ölkənin beynəlxalq imicinə ciddi zərbə vurub. Biz bilirik ki, bu imicin bu qədər aşağı olmasına baxmayaraq, Ermənistan uzun müddət işğalçılıq siyasətindən əl çəkməyib. Yalnız Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük uğurlu Vətən müharibəsindən sonra torpaqlarımız azad edilmiş və Ermənistan istəməyərək də olsa işğalçı ölkə statusunu itirib”.

Müsahibimizə görə, hazırda Ermənistan hakimiyyəti anlayır ki, ölkənin beynəlxalq imici mütləq şəkildə yüksəldilməlidir:

“Təbii ki, bu, təkcə imic məsələsi deyil. Çünki beynəlxalq aləmdə təcrid olunan ölkələr qapalı ölkə kimi qəbul edilir. Belə ölkələrə nə xarici investisiya cəlb olunur, nə turist axını olur, nə də onların mövqeyi beynəlxalq səviyyədə ciddi qəbul edilir.

Məhz buna görə də Ermənistan dövləti investisiya cəlb etmək, özünü dünyaya müsbət təqdim etmək və “biz normal bir ölkəyik” mesajı vermək üçün COP17-yə ev sahibliyi etmək qərarına gəlib. Hətta bu tədbirlə bağlı Təşkilat Komitəsinin açıqlamasında Azərbaycanın da dəvət edildiyi bildirilib. Azərbaycanın nümayəndə heyətinin bu tədbirdə iştirakı məsələsi də zamanla dəqiqləşəcək, çünki tədbir oktyabr ayında keçiriləcək”.

Kazım Kazımov: Ermənistan hakimiyyəti anlayır ki, ölkənin beynəlxalq imici mütləq şəkildə yüksəldilməlidir

Kazım Kazımov hesab edir ki, Ermənistan hələ tam olaraq dünyada stabil ölkə statusu qazana bilməz. Onun fikrincə, bunun əsas səbəbi Zəngəzur dəhlizinin açılması məsələsinin hələ də yekunlaşdırılmamasıdır:

“Ermənistanın bu məsələdə dövlət öhdəlikləri və razılaşmaları mövcuddur, lakin prosesin hələ tam başa çatmadığını görürük. Eyni zamanda sülh müqaviləsi rəsmi şəkildə imzalanmayıb, delimitasiya prosesi də yekunlaşdırılmayıb”.

“Rəsmi İrəvan üçün daha məqsədəuyğun olardı ki, COP17 ilə paralel olaraq bu prosesləri də sürətləndirsin. Yalnız bu halda Ermənistanın beynəlxalq aləmdə imicinin real şəkildə yaxşılaşmasından danışmaq mümkün olar”, - deyə Kazım Kazımov əlavə edib.

Aynur Babazadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью