Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın paytaxtı İrəvanda davam edən BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) qlobal ekoloji problemlərin müzakirəsi ilə yanaşı, regional ekoloji təhlükəsizlik, dövlətlərin beynəlxalq öhdəlikləri və ətraf mühitin qorunması sahəsində məsuliyyət məsələləri də gündəmdədir. Təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekosistemlərin bərpası kimi bəşəri əhəmiyyət daşıyan mövzulara xüsusi önəm verildiyi indiki vaxtda konfransa ev sahibliyi edən Ermənistanın öz ekoloji problemlərinə laqeyd münasibəti isə xüsusi diqqət çəkir.
COP17-də çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, beynəlxalq iqlim koalisiyası 2022-ci ildə qəbul edilən Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsinin 2030-cu il hədəflərinin gerçəkləşdirilməsi istiqamətində zəruri addımlar atmır. Onun fikrincə, hazırda əsas məsələ yeni vədlər vermək əvəzinə, mövcud öhdəlikləri yerinə yetirməkdir.
Əslində, bu fikir qlobal ekoloji siyasətin mahiyyətini ifadə edir. Çünki biomüxtəlifliyin qorunması ilə bağlı beynəlxalq sənədlərin, fəaliyyət proqramlarının və hədəflərin qəbul edilməsi özlüyündə nəticə demək deyil. Əsas məsələ həmin sənədlərdə əksini tapan öhdəliklərin real tədbirlərlə gerçəkləşdirilməsi, ekoloji cinayətlərin qarşısının alınması, çirklənmiş ərazilərin bərpası və təbiətə vurulan ziyanın aradan qaldırılmasıdır.
Lakin burada mühüm bir sual da ortaya çıxır: beynəlxalq ictimaiyyəti mövcud öhdəlikləri yerinə yetirməyə çağıran dövlət özü həmin prinsiplərə nə dərəcədə əməl edir? Məhz Ermənistanın COP17-yə ev sahibliyi etməsi ətrafında yaranan müzakirələr bu sualı aktuallaşdırır. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji təşkilatları və müxtəlif ictimai birlikləri tərəfindən adıçəkilən konfransa ünvanlanan müraciətdə sözügedən qonşu ölkənin biomüxtəlifliyin qorunması sahəsində beynəlxalq təşəbbüslərə dəstək vermək iddiası bu dövlətin ekoloji fəaliyyətinin real nəticələri fonunda qiymətləndirilməsi vacibliyi vurğulanır.
Təbiətin mühafizəsi universal dəyər sayılır və bu, heç bir dövlətin siyasi maraqlarına uyğunlaşdırılmır. Bununla belə, beynəlxalq ekoloji tədbirə ev sahibliyi edən ölkənin öz üzərinə düşən məsuliyyəti necə yerinə yetirməsi də diqqətdən kənarda saxlanılmır. Əgər bir dövlət qlobal səviyyədə biomüxtəlifliyin qorunmasına çağırış edirsə, ilk növbədə, öz ərazisindəki ekoloji problemlərin həlli istiqamətində gördüyü işləri, əldə etdiyi nəticələri və yerinə yetirmədiyi öhdəlikləri də cəmiyyətə açıqlamalıdır.
Regional nüvə təhlükəsi
COP17 fonunda müzakirə olunan mühüm məsələlərdən biri də Metsamor Atom Elektrik Stansiyasının (AES) istismarı və onun regional ekoloji təhlükəsizliyə mümkün təsirləridir. 1980-ci ildə istismara verilən Metsamor AES Ermənistanın enerji sistemində mühüm yer tutur. Bununla belə, stansiyanın köhnə texnologiyalar əsasında inşa edilməsi, yerləşdiyi ərazinin seysmik xüsusiyyətləri və reaktorların istismar müddətinin uzadılması ilə bağlı məsələlər uzun illərdir ki, regional və beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur.
1988-ci ildə baş vermiş dağıdıcı Spitak zəlzələsi seysmik fəallığın yüksək olduğu ərazidə yerləşir və bu sahənin regionun güclü zəlzələlərə bir daha məruz qala biləcəyini nümayiş etdirir. Bu fakt, eyni zamanda, adıçəkilən AES-in təhlükəsizliyinin müasir elmi-texniki meyarlarla müntəzəm və müstəqil qiymətləndirilməsinin zəruriliyini artırır.
Stansiyanın ikinci enerji blokunun istismar müddətinin əvvəlcə 2026-cı ilədək, daha sonra isə Rusiya dövlət korporasiyası “Rosatom” ilə əməkdaşlıq çərçivəsində 2036-cı ilədək uzadılması nəzərdə tutulub. Ermənistanın rəsmi mənbələrində AES-in istismar müddətinin 2046-cı ilədək artırılması ehtimalının da müzakirə olunduğu bildirilib. Belə bir şəraitdə nüvə təhlükəsizliyi məsələsinin daha ətraflı araşdırılması ciddi zərurətə çevrilib.
Ekoloq-ekspert Hafiz İsgəndərlinin fikrincə, bu məsələdə prinsipial məqam ondan ibarətdir ki, hər hansı nüvə obyektinin istismar müddətinin uzadılması təkcə enerji tələbatı və iqtisadi məqsədəuyğunluqla müəyyənləşdirilmir. Bu qərar reaktorun texniki vəziyyətinin, əsas avadanlıqların aşınma səviyyəsinin, təhlükəsizlik sistemlərinin etibarlılığının, seysmik dayanıqlılığın və mümkün qəza ssenarilərinin hərtərəfli qiymətləndirilməsinə əsaslanmalıdır.
Nüvə energetikasında avadanlıqların istismar müddəti ərzində fiziki və texniki aşınması, şübhəsiz ki, təbii prosesdir. Amma reaktorun əsas komponentlərinin vəziyyəti, metal konstruksiyaların dayanıqlılığı, qəza zamanı soyutma sistemlərinin işləkliyi, radioaktiv maddələrin ətraf mühitə yayılmasının qarşısını alan baryerlərin etibarlılığı və fövqəladə hallara hazırlıq səviyyəsi müntəzəm yoxlanılmalıdır.
Ekoloq-ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki nüvə obyektində baş verə biləcək iri qəzanın nəticələri inzibati sərhədlərlə məhdudlaşmır. Radioaktiv maddələrin yayılması hava şəraitindən, su hövzələrinin xüsusiyyətlərindən və digər amillərdən asılı olaraq daha geniş ərazilərdə ekoloji və humanitar problemlər yaradır.
Hafiz İsgəndərlinin sözlərinə görə, Metsamor AES-in təhlükəsizliyi ilə bağlı hər hansı konkret nəticə təkcə texniki sənədlərin, müstəqil ekspertizaların və beynəlxalq nüvə təhlükəsizliyi qurumlarının qiymətləndirmələrinin əsasında çıxarılmalıdır. Stansiyanın köhnə olması özlüyündə qəzanın qaçılmazlığını sübut etmir. Eyni zamanda, istismar müddətinin uzadılması da təhlükəsizliklə bağlı bütün problemlərin dərhal həll olunduğu anlamına gəlmir. Əsas məsələ risklərin nə dərəcədə düzgün qiymətləndirilməsi, müəyyənləşdirilən çatışmazlıqların aradan qaldırılması və qonşu dövlətləri potensial transsərhəd təsirlər barədə vaxtında məlumatlandırılmasıdır.
Ermənistan çirkab bataqlığında
Metsamor AES ətrafında yaranan müzakirələrin mühüm tərəflərindən biri də transsərhəd ekoloji təsirlərin qiymətləndirilməsi və bu sahədə beynəlxalq öhdəliklərin yerinə yetirilməsidir. BMT-nin Espoo Konvensiyası müvafiq hallarda planlaşdırılan fəaliyyətlərin digər dövlətlərin ətraf mühitinə mümkün təsirlərinin qiymətləndirilməsi, təsirə məruz qala biləcək ölkələrin prosesə cəlb olunması və məlumat mübadiləsi kimi prinsipləri nəzərdə tutur. Bu çərçivədə nüvə obyektlərinin istismarı və onların fəaliyyətində narahatlıq doğuran dəyişikliklər zamanı hansı prosedurların tətbiqinin zəruri olması xüsusi diqqətlə araşdırılmalıdır. Bunun konkret hüquqi öhdəlik yaradıb-yaratmaması isə fəaliyyətin xarakterindən, konvensiyanın tətbiq dairəsindən və müvafiq tərəflərin hüquqi statusundan asılıdır.
Ekspertlər bildirirlər ki, Azərbaycan və Türkiyənin Metsamor AES-in təhlükəsizliyi ilə bağlı narahatlıqlarının aradan qaldırılması üçün stansiyanın texniki vəziyyəti, təhlükəsizlik tədbirləri və fövqəladə hallara hazırlıq haqqında məlumatların şəffaflığı vacibdir. Burada söhbət təkcə siyasi bəyanatlardan getmir. Müasir nüvə təhlükəsizliyi sistemi müntəzəm texniki yoxlamaların aparılması, qəza risklərinin qiymətləndirilməsi, radioaktiv çirklənmənin qarşısının alınması, əhalinin xəbərdar edilməsi və fövqəladə hallarda dövlətlərarası koordinasiya kimi bir-biri ilə əlaqəli tədbirlərin reallaşdırılması kimi məsələləri əhatə edir.
Nüvə qəzasının nəticələrini aradan qaldırmaq son dərəcə çətin və baha başa gəlir. Buna görə də preventiv tədbirlərin görülməsi, potensial risklərin əvvəlcədən müəyyənləşdirilməsi və qonşu dövlətlərlə zəruri məlumat mübadiləsinin təmin edilməsi ən düzgün yanaşmadır.
COP17 kimi beynəlxalq tədbirlərin əsas məqsədlərindən biri də məhz ekoloji təhlükəsizliyə münasibətdə ortaq standartların və qarşılıqlı etimadın möhkəmləndirilməsidir. Bu baxımdan, Ermənistanın nüvə təhlükəsizliyi sahəsində şəffaflığı artırması, müvafiq beynəlxalq standartlara əməl etməsi və qonşularının narahatlıqlarına konkret cavab verməsi regional əməkdaşlığın inkişafına töhfə verə bilər.
Beynəlxalq hüququn hədəfində
Transsərhəd çayların çirklənməsi, dağ-mədən müəssisələrinin fəaliyyəti və nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı məsələlər beynəlxalq ekoloji hüququn bir sıra mühüm prinsiplərini gündəmə gətirir. Bu prinsiplər arasında ətraf mühitə ciddi zərərin qarşısının alınması, potensial transsərhəd təsirlərin qiymətləndirilməsi, məlumat mübadiləsi və maraqlı dövlətlərlə məsləhətləşmələrin aparılması xüsusi yer tutur.
Espoo Konvensiyası ilə yanaşı, BMT-nin Avropa İqtisadi Komissiyasının transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası da müvafiq tərəflər üçün su ehtiyatlarının qorunması, çirklənmənin qarşısının alınması və dövlətlərarası əməkdaşlıq baxımından mühüm hüquqi çərçivə yaradır. Bu sənədlərin tətbiqi dövlətlərin həmin konvensiyalara tərəf olub-olmaması, götürdükləri öhdəliklər və müvafiq fəaliyyətin hüquqi xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
Azərbaycanın mövqeyindən çıxış etdikdə, Ermənistanın transsərhəd ekoloji təsirlərlə bağlı şəffaf hesabatlılığının təmin olunması, çirklənmə mənbələrinin müəyyənləşdirilməsi və regionun su ehtiyatlarının qorunması istiqamətində konkret tədbirlərin görülməsi zərurəti ön plana çıxır. Eyni zamanda, ekoloji məsələlərin siyasi qarşıdurmanın davamı kimi deyil, beynəlxalq hüquq normaları və elmi faktlar əsasında həll edilməsi daha səmərəli nəticələr verə bilər. Bunun üçün müstəqil ekspertlərin iştirakı, beynəlxalq monitorinq mexanizmləri, laboratoriya məlumatlarının qarşılıqlı müqayisəsi və ictimaiyyətin məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq konfranslara ev sahibliyi etmək dövlətlər üçün yalnız diplomatik nüfuz məsələsi deyil. Bu, həm də həmin dövlətin müzakirə olunan sahədə üzərinə götürdüyü məsuliyyəti nümayiş etdirmək imkanıdır. Biomüxtəlifliyin qorunması üzrə beynəlxalq tədbirə ev sahibliyi edən ölkənin öz təbii ehtiyatlarının mühafizəsi, çirklənmənin azaldılması, ekosistemlərin bərpası və ekoloji qanunvericiliyin icrası sahəsində hansı nəticələr əldə etdiyi təbii olaraq ictimai maraq doğurur.
Ermənistanın COP17 çərçivəsində qlobal biomüxtəlifliyin qorunması ilə bağlı səsləndirdiyi çağırışlar da bu baxımdan onun öz ərazisindəki ekoloji problemlərin həlli istiqamətində atdığı addımlarla müqayisə olunur. Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyinə görə, Ermənistanın ev sahibliyi etdiyi beynəlxalq tədbirdə Oxçuçayın çirklənməsi, dağ-mədən sənayesinin ətraf mühitə təsiri, Metsamor AES-in təhlükəsizliyi və işğal dövründə Qarabağın ekologiyasına vurulduğu bildirilən ziyan kimi məsələlər diqqətdən kənarda qalmamalıdır.
Bu tələbin mahiyyəti sadədir: əgər biomüxtəlifliyin qorunması, həqiqətən, ümumbəşəri məqsəddirsə, onun prinsipləri bütün ölkələrə eyni şəkildə tətbiq olunmalıdır. Heç bir dövlətin siyasi mövqeyi və ya beynəlxalq tədbirə ev sahibliyi etməsi onun ekoloji fəaliyyətinin araşdırılmasına maneə yaratmamalıdır.
Bununla yanaşı, ekoloji problemlərin həlli üçün konkret faktların, müstəqil ekspert rəylərinin və təsdiqlənmiş məlumatların əsas götürülməsi vacibdir. Beynəlxalq ictimaiyyətin etimadı məhz şəffaflıq, obyektivlik və məsuliyyət prinsipləri üzərində formalaşır.
Ermənistanın baş naziri Nikol Paşinyanın biomüxtəlifliyin qorunmasını gələcəkdə Azərbaycanla əməkdaşlıq üçün mümkün istiqamətlərdən biri kimi təqdim etməsi də bu baxımdan diqqət çəkir. Əgər belə əməkdaşlıq real nəticələrə hesablanıbsa, onun ilk addımları mövcud ekoloji problemlərin birgə araşdırılması, transsərhəd çayların vəziyyətinin monitorinqi, məlumat mübadiləsi və təbiətə vurulmuş ziyanın qiymətləndirilməsi ola bilər.
Azərbaycan-Ermənistan münasibətlərində uzun illər davam etmiş münaqişənin nəticələri nəzərə alınarsa, ekoloji əməkdaşlıq etimadın möhkəmləndirilməsi üçün müəyyən imkanlar yarada bilər. Lakin bu imkanların reallaşması üçün siyasi bəyanatlar konkret fəaliyyətlə tamamlanmalıdır.
Beləliklə, İrəvanda keçirilən COP17 bir daha göstərir ki, biomüxtəlifliyin qorunması sahəsində qlobal məqsədlərə çatmaq üçün təkcə beynəlxalq sənədlər qəbul etmək və tribunadan çağırışlar səsləndirmək kifayət deyil. Əsas məsələ həmin çağırışların konkret tədbirlərlə, şəffaf hesabatlılıqla və real nəticələrlə təsdiqlənməsidir.
Ermənistanın transsərhəd çayların çirklənməsi, dağ-mədən sənayesinin ekoloji təsirləri, Metsamor AES-in təhlükəsizliyi və işğal dövründə Azərbaycanın ərazilərində təbiətə vurulmuş ziyanla bağlı məsələlərə münasibəti bu baxımdan hazırda ciddi narahatlıq doğurur. Həmin problemlər siyasi mübahisələrin mövzusu olmaqla yanaşı, həm də elmi araşdırma, beynəlxalq monitorinq və hüquqi qiymətləndirmə tələb edən ciddi ekoloji məsələlərdir.
Vaqif BAYRAMOV
XQ