Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycan üçün bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək, Bakının növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünyaya nümayiş etdirəcək”.
Tribunainfo.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova COP29 bitəndən sonra ölkəni nələr gözləyəcəyi ilə bağlı şərhini bildirib.
Onun sözlərinə görə, noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
“COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən on dört təşəbbüs irəli sürülüb.
İrəli sürülən bu təşəbbüsləri ayrı- ayrılıqda müzakirə etdikdə hər birinin başlanğıc nöqtəsi iqtisadiyyatdan bu sahələrin inkişafı isə investisiya, yatırımdan keçir.
Hansısa bir sahəni deyə bilmərik ki, mükəmməl inkişaf edib və o sahədə əlavə nəyəsə ehtiyac yoxdur.