Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 13-də COP29 çərçivəsində “İqlim dəyişikliklərinin su hövzələrinin azalmasına mənfi təsiri” mövzusunda müzakirələr aparılıb.
Modern.az xəbər verir ki, BMT Baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi su məsələsinin COP29-un əsas prioritetlərindən biri kimi müəyyən edilməsində Azərbaycanın liderliyini yüksək qiymətləndirib, daha geniş iqlim dəyişikliyi üzrə Bakı dialoqunun yaradılmasını alqışlayıb.
O, iqlim dəyişikliklərinin səbəb olduğu su problemlərinin insanların həyatına, gələcək nəsillərə təhlükə yaratdığını, bir çox su hövzəsində, xüsusən də çayda suyun azalmasının özü ilə bərabər aclıq problemini ortaya çıxartdığını deyib.
Bildirib ki, iqlim dəyişikliyi su mənbələrinə və infrastrukturuna da ciddi ziyan vurur.
Təkcə ötən il 32 milyon nəfər daşqın və seldən əziyyət çəkib, aşağı sahil zonasında yaşayan 680 milyon nəfər dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üz-üzə qalıb.
Ona görə də su amili iqlim dəyişikliyi ilə bağlı müzakirələrə və fəaliyyətlərə daxil edilməlidir.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) son hesabatına istinad edərək iqlim dəyişikliyinin biomüxtəlifliyə və torpaq deqradasiyasına mənfi təsirlərindən söz açıb.