Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 15 noyabr, AZƏRTAC COP29 Sədrliyi tərəfindən beynəlxalq iqlim konfransının Enerji Günü çərçivəsində COP29-un enerji təşəbbüsləri üzrə Nazirlər Görüşü keçirilib.
Tədbirdə üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi rəsmi olaraq təqdim edilib.
COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 QVt gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır.
Bu vəd bərpaolunan enerji mənbələrinin istifadəsini təşviq edərək qlobal enerji sistemlərinin dayanıqlılığını təmin etmək məqsədinə xidmət edir.
COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur.
Bu təşəbbüs, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğundur və iqtisadi inkişafı təşviq edir, resurslardan səmərəli istifadəni dəstəkləyir.Hidrogen haqqında COP29 bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır.
Bu təşəbbüs, yaşıl iqtisadiyyata keçid prosesində qlobal bazarı stimullaşdırmaq və beynəlxalq standartların inkişafına dəstək vermək məqsədini daşıyır.