Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü keçirib.
Avtosfer.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilevanın da qatıldığı tədbirdə Dünya Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan-Kristof Rollan, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li, həmçinin COP29-la əlaqədar Azərbaycana səfər edən 50-dən çox xarici qonaq iştirak edib.
“Təmiz suda avar çək!” devizi altında keçirilmiş tədbir 17 noyabr – Milli Dirçəliş Günündə Dənizkənarı Bulvarda, “Bakı” Avarçəkmə və Kanoe İdman Klubunun yerləşdiyi ərazidə baş tutub.
Əvvəlcə ekoloji layihələrin qiymətləndirilməsi mövzusunda təqdimatlar həyata keçirilib.
Çinin Şanxay şəhərindən gəlmiş məktəblilər hazırladıqları təqdimatlarda ətraf mühitin qorunması və iqlim dəyişikliyi mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin rəsmi açılış mərasimində AKAF-ın baş katibi Fərhad Əliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb.
Daha sonda Jan-Kristof Rollan, Tomas Konietsko, Klaudio Şermi COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayıblar.