COP29: Məşhur futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb …
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ” komandasının təşəbbüsü ilə dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansının açılış tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, “Sky sports”un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə təşkil olunan "İqlim naminə Futbol" tədbirində dünyanın bir sıra nüfuzlu futbol klubları iqlim dəyişmələrinə qarşı mübarizədə öz öhdəliklərini əks etdirən bəyanatlarla çıxış ediblər.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Avropa və İslam Həmrəylik Oyunları, “Formula 1” kimi böyük turnirlərə və 2019-cu ildə UEFA Avropa Liqasının "Çelsi" və "Arsenal" (hər ikisi İngiltərə) komandaları arasında keçirilmiş final matçına ev sahibliyi etdiyini, Bakının idman tədbirlərinin mərkəzinə çevrildiyini xatırladıb.
O, 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətindən danışıb.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev misilsiz təşəbbüsə rəhbərlik etdiyinə görə "Qarabağ"a, bu təşəbbüsün əhəmiyyətini dərk etdiyinə və dəstək verdiyinə görə Avropa Klublar Assosiasiyasına (ECA) təşəkkür edib.
O, alyansın dünyada ən aktual problemlərindən biri olan iqlim dəyişikliyinin həllinə öz töhfəsini verəcəyini bildirib.
"Qarabağ"ın prezidenti Tahir Gözəl isə dünyanın ən nüfuzlu klublarının bu təşəbbüs ətrafında toplaşmasının qürurverici hal olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu təşəbbüs futbolun iqlim dəyişmələrinə qarşı mübarizəsində populyarlığından istifadə etmək məqsədi daşıyır.Sonra iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr aparılıb.
Tam oxu
Xəbəri oxu