COP29 un çağırışları və COP31 in yeni iqlim hədəfləri

13.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında qlobal iqlim dəyişmələrinin yaratdığı problemlər müzakirə edilir, bu çağırışların qarşısının alınması və mümkün fəsadların minimuma endirilməsi istiqamətində təkliflər irəli sürülür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə çıxışı zamanı COP31-ə hazırlıq prosesində göstərdiyi dəstəyə görə Azərbaycana xüsusi minnətdarlığını ifadə edib. Qardaş ölkə rəhbəri fikrinin davamında konfrans çərçivəsində qəbul ediləcək qərarların bütün bəşəriyyət üçün faydalı olacağına əminliyini diqqətə çatdırıb, eyni zamanda, COP sədrlikləri zamanı qazanılan təcrübəni bölüşən Braziliyaya və Azərbaycana təşəkkürünü bildirib.

Xatırladaq ki, COP29-da Azərbaycanın təşkilatçılıq təcrübəsi və diplomatik səyləri nəticəsində sammitdə mühüm qərarlar qəbul edilib, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlərə iqlim fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 2035-ci ilədək hər il azı 300 milyard dollar vəsait ayırmasını nəzərdə tutan yeni maliyyə hədəfi müəyyənləşdirilib.

COP29-un mühüm nəticələrindən biri də Paris Sazişinin 6-cı maddəsi üzrə beynəlxalq karbon bazarlarının fəaliyyət mexanizmlərinin onillik müzakirələrdən sonra razılaşdırılması və praktiki tətbiqi üçün zəruri əsasların yaradılması oldu. Bu qərar qlobal iqlim əməkdaşlığının inkişafı, karbon emissiyalarının azaldılması və ölkələr arasında iqlim layihələri üzrə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirildi.

Hazırda davam edən COP31-in gündəliyində bundan əvvəlki konfranslarda, o cümlədən Azərbaycanda keçirilən iqlim sessiyasında götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün siyasi iradənin daha da gücləndirilməsi və 2030-cu ildən sonrakı dövr üçün yeni iqlim hədəflərinin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılır. Dünya dövlətlərinin liderləri və hökumət başçıları tərəfindən milli iqlim prioritetləri təqdim edilir, dünya iqtisadiyyatında elektrik enerjisinin payının artırılması, binalarda enerji səmərəliliyinin yüksəldilməsi, metan emissiyalarının, o cümlədən kömür hasilatı zamanı atmosferə buraxılan qazların azaldılması kimi önəmli məsələlər diqqət mərkəzində saxlanılır.

Ölkəmizin “yaşıl” əməkdaşlığı genişlənir

COP31 çərçivəsində Azərbaycanın dünyanın tanınmış enerji şirkətləri ilə keçirdiyi görüşlər də ölkəmizin “yaşıl” enerji strategiyasına beynəlxalq marağın artdığını göstərir. Energetika naziri Pərviz Şahbazovun Danimarkanın “Vestas”, Səudiyyə Ərəbistanının “Acwa” və NKT şirkətinin rəhbər şəxsləri ilə müzakirələri bu baxımdan xüsusi önəm daşıyır.

Danimarkanın “Vestas” şirkəti ilə külək enerjisi layihələri üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi Azərbaycanın bu sahədə müasir texnologiyalara çıxışını genişləndirəcəyinə əminlik yaradır. Bu şirkətin külək turbinlərinin istehsalı və müvafiq texnoloji həllər sahəsində təcrübəsi ölkəmizdə külək elektrik stansiyalarının inkişafı üçün əhəmiyyətlidir.

Azərbaycanın külək enerjisi potensialından daha geniş istifadə etmək niyyəti xüsusilə Xəzər dənizində və sahilyanı ərazilərdə yeni layihələrin həyata keçirilməsi baxımından perspektivlidir. Bu istiqamətdə beynəlxalq şirkətlərin texnoloji və investisiya imkanlarından yararlanmaq enerji istehsalının həcminin artırılması ilə yanaşı, yerli mütəxəssislərin bilik və bacarıqlarının inkişafına da töhfə verəcəyi heç bir şübhə doğurmur.

Səudiyyə Ərəbistanının “Acwa” şirkəti ilə külək və Günəş enerjisi layihələri üzrə əməkdaşlığın müzakirəsi isə Azərbaycanın Yaxın Şərq investorları ilə tərəfdaşlığının davam etdiyini göstərir. Şirkətin ölkəmizdə bərpaolunan enerji sahəsində iştirakı yeni investisiya imkanlarının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Burada diqqət çəkən məqamlardan biri yeni enerji layihələrinin təkcə elektrik enerjisi istehsalı ilə məhdudlaşmamasıdır. Onların mövcud elektrik şəbəkəsinə inteqrasiyası, istehsal olunan enerjinin səmərəli ötürülməsi və Türkiyə, eləcə də Avropa bazarlarına çıxarılması məsələləri də kompleks şəkildə nəzərdən keçirilir.

NKT şirkəti ilə müzakirələr isə “yaşıl” enerji dəhlizlərinin texnoloji təminatı baxımından diqqət çəkir. Xüsusilə Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizinin reallaşdırılmasında şirkətin sualtı kabel texnologiyaları üzrə təcrübəsindən istifadə imkanlarının araşdırılması layihənin texniki hazırlığına töhfə verəcəyi vurğulanır.

Bütün bu görüşlər göstərir ki, Azərbaycanın “yaşıl” enerji sahəsində beynəlxalq əməkdaşlığı artıq təkcə niyyət və ümumi razılaşmalar səviyyəsində deyil, eyni zamanda, konkret layihələrin texniki və iqtisadi parametrlərinin müzakirəsi mərhələsində inkişaf edir.

Qlobal iqlim hədəflərinə yeni yanaşma

COP31-in diqqətçəkən təşəbbüslərindən biri də Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı “Belém Missiyası – 1,5°C” hesabatıdır. Sənədin əsas məqsədi Paris Sazişi çərçivəsində qlobal temperatur artımının sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 1,5°C ilə məhdudlaşdırılması istiqamətində ölkələrin iqlim öhdəliklərinin və milli uyğunlaşma planlarının həyata keçirilməsinə dəstək verməkdir.

Hesabatın COP29, COP30 və COP31 sədrliklərinin əməkdaşlığı çərçivəsində hazırlanması beynəlxalq iqlim prosesində institusional ardıcıllığın təmin edilməsi baxımından mühüm addımdır. Bu, həm də Azərbaycanın COP29 zamanı üzərinə götürdüyü təşəbbüslərin sonrakı konfranslarda davam etdirilməsinə verdiyi önəmi göstərir.

Sənəd hazırlanarkən 2026-cı il ərzində dövlətlərin, beynəlxalq təşkilatların, özəl sektorun və digər maraqlı tərəflərin iştirakı ilə geniş məsləhətləşmələr aparılması, bu prosesdə Bakı və Şamaxıda keçirilən müzakirələrin də yer alması Azərbaycanın beynəlxalq iqlim dialoqunda iştirakının davamlı xarakter daşıdığını təsdiqləyir. Müxtəlif ölkə və təşkilatlardan daxil olan 148 yazılı təqdimatın nəzərdən keçirilməsi isə hesabatın hazırlanmasında geniş tərəfdaşlıq yanaşmasının tətbiq olunduğunu göstərir.

Hesabatda sənaye, kənd təsərrüfatı, şəhərsalma və digər sahələrdə emissiyaların azaldılması, iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması üçün mövcud həll yolları əksini tapıb. Bu istiqamətlərin bir sənəddə birləşdirilməsi təsadüfi deyil. Çünki iqlim dəyişmələri iqtisadiyyatın təkcə bir sahəsinə təsir göstərmir. Enerji istehsalında emissiyaların azaldılması ilə yanaşı, kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadə edilməsi, meşələrin qorunması, şəhərlərin iqlim risklərinə uyğunlaşdırılması və səhiyyə sisteminin yeni çağırışlara hazırlanması da zəruridir.

Məsələn, kənd təsərrüfatında iqlimə davamlı texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin qorunmasına, suvarma sistemlərinin modernləşdirilməsi su itkilərinin azaldılmasına, meşələrin bərpası isə karbonun udulması imkanlarının genişləndirilməsinə xidmət edir. Şəhərsalma sahəsində enerji səmərəli binaların və ekoloji nəqliyyat sistemlərinin inkişafı isə həm emissiyaların azaldılması, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Beləliklə, “Belém Missiyası – 1,5°C” hesabatı iqlim siyasətinə ayrı-ayrı sektorlar üzrə deyil, kompleks inkişaf strategiyası kimi yanaşmanın vacibliyini önə çəkir. Onun noyabrın 16-da COP31 çərçivəsində keçiriləcək yüksək səviyyəli tədbirdə rəsmi təqdimatı bu təşəbbüsün beynəlxalq müzakirələrdəki əhəmiyyətini daha da artıracaq.

COP29-un Maliyyə Hədəfinin icrası

Azərbaycanın COP29-a sədrliyi dövründə qəbul olunan tarixi Bakı Maliyyə Hədəfi ilə qlobal iqlim fəaliyyəti üçün mühüm təməl yaradılıb. Ölkəmizin bu istiqamətdəki fəaliyyəti adıçəkilən konfransdan sonra da davam etdirilib. Məsələn, Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyənləşdirən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə “1,5C Missiyasına doğru Yol Xəritəsi”, Avstraliya, Braziliya və Türkiyə ilə birlikdə isə “Belem 1,5C Missiyası” həyata keçirilib. Bundan əlavə, Bakıda təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumu və 140-dan çox ölkə nümayəndələrin iştirak etdikləri BMT-nin İqlim Həftəsində Azərbaycanın çoxtərəfli əməkdaşlığa, eləcə də qlobal iqlim gündəliyinə sadiqliyi bir daha təsdiqlənib.

Türkiyədə keçirilən COP31 sessiyasında Azərbaycan Respublikası Baş nazirinin müavini Teymur Musayev çıxışı zamanı yuxarıda səsləndirdiyi fikirlərinin davamında qardaş ölkənin dialoq, konsensus və qərarların icrasına yönəlmiş sədrliyini yüksək qiymətləndirib. O, Azərbaycanın ölkə daxilində atdığı konkret addımlara da diqqət çəkərək, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfinin icra müddətinin 15 il irəli çəkilərək 2035-ci ilə müəyyənləşdirildiyini bildirib.

Baş nazir müavininin sözlərinə görə, bu yaxınlarda təqdim olunan Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası isə 2060-cı ilədək xalis sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyir. Hazırda Azərbaycan Paris Sazişinin şəffaflıq prinsiplərinə uyğun olaraq ikinci Şəffaflıq Hesabatını müəyyənləşdirilən vaxtdan əvvəl təqdim etməyə hazırlaşır.

Enerji keçidinin Azərbaycanın iqlim siyasətinin əsas istiqaməti olduğunu bildirən Teymur Musayev ölkədə bərpaolunan enerji üzrə quraşdırılan istehsal gücünün 2,17 giqavata – ümumi elektrik enerjisi gücünün 21,5 faizə çatdığını diqqətə çatdırıb. O, eyni zamanda, imzalanan sazişlərə əsasən, 2030-cu ilədək əlavə olaraq 6 giqavat Günəş və külək enerjisi gücünün yaradılmasının nəzərdə tutulduğunu, bu göstəricinin isə qlobal bərpaolunan enerji hədəflərini üstələməsi istiqamətində mühüm irəliləyiş olduğunu vurğulayıb.

Son dövrlərdə baş verən iqlim fəlakətlərinin insanların həyatına birbaşa təsir göstərdiyini xatırladan Baş nazirin müavini inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına və texnologiyalara çıxışının vacibliyinə toxunub. Teymur Musayev bununla yanaşı, mövcud öhdəliklər yerinə yetirilmədən daha iddialı hədəflərlə bağlı çağırışların səsləndirilməsini çoxtərəfli iqlim prosesinə olan etimadı zəiflədə biləcəyini və buna görə də əsas diqqəti Bakı Maliyyə Hədəfi başda olmaqla qəbul edilmiş qərarların tam həcmdə icrasına yönəltməyin zəruriliyini xatırladıb.

COP29 təcrübəsi və iqlim diplomatiyası

Azərbaycanın COP31-də iştirakı ölkəmizin beynəlxalq iqlim prosesindəki mövqeyinin COP29-la məhdudlaşmadığını göstərir. Bakıda keçirilən konfrans zamanı əldə olunan təcrübə, qəbul edilən qərarlar və yaradılan əməkdaşlıq platformaları sonrakı beynəlxalq müzakirələrdə də önəmini qoruyur.

COP29 Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, qlobal problemlərin həllində fəal iştirakının genişlənməsi və müxtəlif ölkələr arasında dialoqun təşviq edilməsi baxımından mühüm mərhələ oldu. Ölkəmiz bir tərəfdən inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verməyə, digər tərəfdən isə iqlim maliyyələşdirilməsi, enerji keçidinin reallaşdırılması və beynəlxalq əməkdaşlığın diqqət mərkəzində saxlanılması məsələlərində ortaq mövqelərin formalaşdırılmasına çalışdı.

Antalyada aparılan müzakirələr göstərir ki, Azərbaycanın həmin dövrdə formalaşdırdığı diplomatik yanaşma bu gün də aktuallığını saxlayır. Xüsusilə inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, maliyyə öhdəliklərinin icrasına xüsusi əhəmiyyət verilməsi və iqlim qərarlarının nəticəyönümlü olması kimi məsələlər respublikamızın beynəlxalq gündəliyində mühüm yer tutur.

Bununla yanaşı, Azərbaycanın COP31-də enerji məsələlərinə xüsusi diqqət yetirməsi ölkənin milli iqtisadi maraqları ilə qlobal iqlim məqsədlərinin uzlaşdırılması baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan üçün “yaşıl” enerji keçidi təkcə ekoloji öhdəliklərin yerinə yetirilməsi deyil, həm də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni ixrac bazarlarının əldə olunması və investisiya imkanlarının genişləndirilməsi deməkdir.

Bu yanaşma Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli inkişaf prioritetləri ilə də uzlaşır. Enerji təhlükəsizliyinin gerçəkləşdirilməsi, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi, müasir infrastrukturun yaradılması və ölkənin tranzit potensialının artırılması Azərbaycanın strateji inkişaf siyasətinin əsas istiqamətlərindəndir.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью