Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpaolunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib.
AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə çatmaq üçün əməkdaşlıq və investisiya qoyuluşu barədə müzakirələr aparmağa imkan yaradıb.
Tədbirin açılış hissəsində energetika naziri Pərviz Şahbazov, BƏƏ-nin xarici işlər nazirinin enerji və davamlılıq üzrə köməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyi üzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.
“Bu qlobal tədbir bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir.
COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneələri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir.
COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir.
Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyi labüddür.