Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
11 noyabr tarixindən etibarən Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlığı nəticəsində ərsəyə gələn, dayanıqlı material və boyalardan istifadə etməklə qlobal iqlim çağırışları mövzusunda hazırlanan xalçaların ekspozisiyası tədbir iştirakçılarına təqdim olunub.
Bu barədə "Ölkə.az"a Azerxalça ilə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat daxil olub.
COP29 konfrans məkanı Bakı Stadionunun həm Mavi həm də Yaşıl zonalarında təqdim edilən bu xalçalar ölkəmizin zəngin mədəni irsinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində göstərilən səylərin vəhdətini ifadə edir.
Konfransın ideya və çağırışlarına uyğun olaraq tamamilə “yaşıl” və ekoloji cəhətdən zərərsiz boya və təbii yundan hazırlanmış xalçaların hər biri “Azərxalça” ASC-nin Şabran emalatxanasında azərbaycanlı toxucu xanımlar tərəfindən yaradılan əl işidir.
Layihə ölkənin ucqar bölgələrindən olan qadın sənətkarlarına iqtisadi dəstəyin təmin edilməsi ilə yanaşı iqlim dəyişmələri ilə bağlı onların hekayələrini sənətkarlıq vasitəsilə paylaşmağa platforma yaradıb.
Bu sənət əsərlərindən biri, “Toxunulmuş zolaqlar” adlanan əsər Professor Ed Houkins-in (Ridinq Universiteti) "Öz zolaqlarını göstər" layihəsindən ilhamlanaraq yaradılıb və 1850-2022-ci illər ərzində orta illik temperaturun kəskin dəyişmələrinin zolaqlar vasitəsilə vizual əks etdirib.
Xalçanın təsvirində yer alan Azərbaycan silueti və Bakının simvolik göydələnləri paytaxtın COP29-a ev sahibiliyinin rəmzi interpretasiyasıdır.