Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
COP29 çərçivəsində “İki böhran - bir həll: Qafqaz regionunda biomüxtəliflik və iqlim bağlantısı” mövzusunda yan tədbir keçirilib.Bizim.Media xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) pavilyonunda keçirilən tədbirdə Cənubi Qafqaz regionunda biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən layihə və proqramlar, eləcə də aparılan elmi araşdırmalar diqqət mərkəzində saxlanılıb.Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yoxen Flasbart çıxışında ölkəsinin Cənubi Qafqaz regionunda təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması fəaliyyətinin inkişaf etdirilməsində maraqlı olduğunu və bu səyləri dəstəklədiyini ifadə edib.
Bildirilib ki, bir neçə həftə əvvəl Kolumbiyada baş tutan biomüxtəliflik üzrə BMT konfransı təbiətin və onun biomüxtəlifliyinin qorunmasının nə dərəcədə vacib olduğunu, iqlim dəyişikliklərinə cavab vermək üçün Bakıda keçirilən COP29 iqlim konfransının bu sahəyə mühüm töhfəsini verə biləcəyini bir daha göstərdi.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib ki, Qafqaz biomüxtəlifliyinə görə dünyanın ən zəngin on regionundan biridir.
Azərbaycan bu xüsusda özünəməxsus yerə malikdir, çünki Qafqazın florasının 80 faizinə Azərbaycan ərazisində rast gəlinir, faunada isə bu rəqəm daha yüksək ola bilər.
İqlim dəyişikliklərinin biomüxtəlifliyə təsiri mövzusundan bəhs edən V.Qasımov son onilliklərdə adı “Qırmızı Kitab”a düşmüş fauna və flora növlərindən, getdikcə onların sayının artmasından danışıb.
Bildirilib ki, antropogen səbəblərlə yanaşı, iqlim dəyişiklikləri də biomüxtəlifliyə zərbə vurur və onun tarazlığını pozur.
Məhz buna görə də iqlim dəyişikliklərinin qarşısını almaq biomüxtəlifliyin qorunmasına, Ana təbiətin mühafizəsinə töhfə verə bilər.WWF Qafqaz Proqramı Ofisinin regional direktoru Giorqi Sanadiradze “Regionda iqlim dəyişikliyinin azaldılması və adaptasiyası üçün Ekoregional Mühafizə Planının tətbiqi“ mövzusunda təqdimatla çıxış edib.