Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
COP29-da “Turizm günü” çərçivəsində Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dünya Səyahət və Turizm Şurası (WTTC) tərəfindən “Səyahət və turizm üzrə net sıfır yol xəritəsi”nin ikinci nəşri təqdim edilib.
"Report" xəbər verir ki, “Səyahət və turizm üzrə net sıfır yol xəritəsi” 2021-ci ildə COP26-da çərçivəsində Qlazqo şəhərində təqdim olunan ilk yol xəritəsinin təkmilləşdirilmiş dekarbonizasiya sənədi kimi turizm sektorunun 2050-ci ilə qədər “net sıfır” (Net Zero) məqsədinə çatmaq üçün iqlim fəaliyyətinin təcili olduğunu diqqətə çatdırır.
Dövlət Turizm Agentliyinin dəstəyi ilə nəşr olunan hesabatda təhlil edilən 250 turizm şirkətinin 53%-nin artıq iqlim hədəflərini müəyyən etdiyi, bunun 2021-ci ildə nəşr olunan ilk hesabatla müqayisədə 42% artım olduğu qeyd olunur.
Hesabata əsasən, qlobal səyahətçilərin 75%-i daha dayanıqlı səyahət etmək istəklərini ifadə edirlər.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, təqdim olunan hesabat aviasiyadan hotelçiliyə qədər turizmlə birbaşa və dolayısı ilə əlaqəli olan sahələrdə emissiyaların azaldılması üzrə yol xəritəsini təqdim edir.
O, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində turizmin beynəlxalq iqlim müzakirələrinə daxil edilməsini qlobal turizm sənayesi üçün mühüm uğur olduğunu, turizm sahəsində dayanıqlılıq təcrübələrinin milli strategiyalara tətbiqinin, qlobal iqlim məqsədlərinə uyğunlaşan, həmçinin təbii irsi qoruyaraq yerli icmaları dəstəkləyən yanaşmanın önəmini vurğulayıb.
Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culia Simpson çıxışında yenilənmiş yol xəritəsinin turizm və səyahət biznesi üçün bir çağırış olduğunu, planeti qorumaq və turizmin davamlı və dayanıqlı bir dünya üçün dəstəyini təmin etmək üçün birgə təcili addımların vacib olduğunu qeyd edib.