Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Natiq Quluzadə, YAP Zəngilan rayon təşkilatının sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir.
Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” Azərbaycan bu mötəbər tədbirin keçirilməsinə qalan hazırlıq müddətinin qısa olmasına baxmayaraq COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şəraiti ən yüksək səviyyədə yarada bildi.
Bunu 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan alınan yüksək qiymətlər də təsdiq edir.
Cənab Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə etdiyi paylaşımda qeyd olunduğu kimi, Qərbin məlum anti-Azərbaycan dairələrinin genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, ölkəmiz iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
Məlum olduğu kimi, Azərbaycan COP29-un ev sahibi kimi, Azərbaycanın bir çox məsələlərə dair mövqeyi iştirakçı ölkələri son dərəcə maraqlandırırdı.
O cümlədən ölkəmizin Yaşıl Enerji gündəliyi, bərpaolunan enerji layihələri yüksək effektivliyi ilə bu gün hər kəsin diqqətini cəlb edir.
Dövlətimizin başçısı öz çıxışında bu sahə ilə də bağlı önəmli açıqlamalar təqdim edərək bildirmişdi ki, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və nəqliyyat xəritəsini tamamilə dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.