Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, Azərbaycan bu mürəkkəb iqlim danışıqları prosesində əvvəldən iştirak edir.
Redaktor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov COP29-un kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.
"Bir çox ölkələrdən fərqli olaraq bizim iki ilimiz yox, cəmi 11 ayımız olmasına baxmayaraq, tərəflərin mövqelərini yaxınlaşdırmaq və bu konfransda mühüm nəticələrin əldə edilməsinə yönəlmiş əməkdaşlıq platforması yaratmaq üçün əlimizdən gələni etdik", - nazir qeyd edib.
XİN rəhbəri noyabrın 11-də başlayan COP29-un ilk gününün müsbət nəticəsini qeyd edərək nikbinliyini ifadə edib.
"Dünən təxminən 20 saatlıq danışıqlardan sonra gündəliklə bağlı nəticə əldə etmək mümkün olub. Gündəlik təsdiqlənib.
Birinci günün daha bir mühüm nəticəsi isə hamımızın da bildiyi kimi, uzun illər müzakirə olunan Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmanın əldə edilməsidir", - o qeyd edib.
C.Bayramovun sözlərinə görə, ümumilikdə Bakı konfransından, COP29-dan 60-a yaxın potensial sənədin qəbul edilməsi gözlənilir.