COP31 də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

13.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Antalya, 13 noyabr, AZƏRTAC

Türkiyədə 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra aparılan bərpa və yenidənqurma işlərinin ekoloji və innovativ tərəfləri COP31 çərçivəsində “Anka quşu” pavilyonunda nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Türkiyənin Kahramanmaraş və Hatay vilayətlərində zəlzələlərdən sonra yaranan tikinti tullantılarının ekoloji cəhətdən təhlükəsiz idarə olunması və təkrar emalı istiqamətində işlər görülüb. BMT-nin İnkişaf Proqramının Türkiyə nümayəndəliyi Yaponiya hökumətinin dəstəyi ilə bu məqsədlə xüsusi layihə həyata keçirib. İki vilayətdə tullantıların emalı üçün təkrar emal müəssisəsi yaradılıb, üç mobil xırdalama qurğusu istifadəyə verilib.

Emal nəticəsində əldə olunan materiallar növlərinə görə ayrılaraq beton istehsalında, yolların, avtomobil dayanacaqlarının, səkilərin, piyada yollarının və drenaj sistemlərinin qurulmasında doldurucu material kimi istifadə olunub.

Zəlzələdən zərər çəkən 11 vilayətdə iki il ərzində vətəndaşlar üçün 455 min mənzil inşa edilib. Məlumata görə, bu müddətdə dağıntılardan əldə olunan materialların da ekoloji üsullarla dəyərləndirilməsi təmin olunub. Hataydakı emal müəssisəsindən Antalyaya gətirilən təkrar emal olunmuş materiallardan COP31-in Mavi Zonasında “Anka quşu” pavilyonunun tikintisində istifadə edilib.

Təkrar emal olunmuş materialların 60 faizini təşkil etdiyi pavilyon üçölçülü beton çap texnologiyası ilə inşa edilib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью