COP31 in Azərbaycan üçün üstünlükləri nələrdir?

12.11.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


“COP31-in Azərbaycan üçün mühüm istiqamətlərindən biri yaşıl enerji potensialının beynəlxalq investorlara təqdim edilməsidir. Ölkəmiz günəş, külək və hidroenerji sahələrində geniş imkanlara malikdir. Xəzər dənizinin külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji layihələrinin həyata keçirilməsi, yeni günəş və külək elektrik stansiyalarının yaradılması Azərbaycanın enerji sektorunda transformasiya prosesinin əsas istiqamətlərindəndir”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu potensialın beynəlxalq səviyyədə tanıdılması xarici investisiyaların cəlb olunmasına, müasir texnologiyaların ölkəyə gətirilməsinə və enerji ixracı imkanlarının genişləndirilməsinə şərait yarada bilər:
“Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji istehsalçısı və ixracatçısı kimi mövqelərini gücləndirməsi uzunmüddətli iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır.
Digər mühüm məsələ Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında yaşıl enerji əməkdaşlığının inkişafıdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi Xəzər hövzəsi vasitəsilə regional enerji bağlantılarının formalaşdırılmasına geniş imkanlar yaradır. Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerji potensialının Azərbaycan və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çatdırılması perspektivi bu əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur. Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi və regional enerji infrastrukturunun inkişafı Azərbaycanın tranzit imkanlarını genişləndirə, enerji təhlükəsizliyində rolunu artıra bilər”.
Politoloq qeyd edib ki, COP31-in digər mühüm əhəmiyyəti iqlim maliyyələşdirilməsi məsələlərinin müzakirəsi ilə bağlıdır:
“İqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, ekoloji problemlərin həlli və dayanıqlı infrastrukturun qurulması böyük maliyyə resursları tələb edir. Xüsusilə inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsinə çıxış imkanlarının genişləndirilməsi beynəlxalq iqlim gündəliyinin əsas məsələlərindəndir. Azərbaycanın bu müzakirələrdə iştirakı su ehtiyatlarının qorunması, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, ekoloji infrastrukturun inkişafı və bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi istiqamətlərində yeni əməkdaşlıq imkanları yarada bilər”.
Politoloqun sözlərinə görə, prezident İlham Əliyevin COP31-də iştirakının diqqət çəkən istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl inkişaf modelinin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır:
“İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin müasir şəhərsalma prinsipləri əsasında aparılması, alternativ enerji mənbələrindən istifadə, hidroenerji layihələrinin reallaşdırılması və ekoloji tarazlığın qorunması Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Bu təcrübənin beynəlxalq platformalarda təqdim edilməsi həmin ərazilərdə yeni investisiya imkanlarının yaranmasına, qabaqcıl texnologiyaların tətbiqinə və beynəlxalq tərəfdaşlığın genişlənməsinə kömək edə bilər. Qarabağ və Şərqi Zəngəzur gələcəkdə yaşıl iqtisadiyyat, ağıllı şəhər və dayanıqlı yaşayış məntəqələri üzrə nümunəvi inkişaf modelinin formalaşdırılması baxımından da əhəmiyyətli potensiala malikdir”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью