COP31 xəbərdarlığı: “İqlim böhranı bizi qabaqlayır”

12.11.2026

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

BMT-nin Baş katibi Antonio Quterreş Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin 31-ci İqlim Dəyişikliyi Konfransında (COP31) dünya liderlərini iqlim dəyişikliyinə qarşı təcili tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, iqlim dəyişikliyi dünyanı məhvə aparan yola sürükləyir. Fosil yanacaq lobbisini iqlim tədbirlərini “ləngitməkdə” ittiham edən Quterreş liderləri fəlakətin qarşısını almaq üçün kömür, qaz və neftin enerji mənbəyi kimi istifadəsinə son qoymağa çağırıb.

“Fosil yanacaqlar dinozavrların aqibətini yaşamalıdır, lakin bu, öz-özünə baş verməyəcək. Dinozavrların lobbisi yox idi, amma fosil yanacaqların var”, – deyə BMT rəhbəri bildirib. “Acı həqiqət budur ki, iqlim böhranı bizi qabaqlayır. 2025-ci ildə emissiyalar bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Temperatur rekordları ardıcıl olaraq yenilənir”, – deyə o qeyd edib.

Quterreşin sözlərinə görə, son dörd il tarixdə ən isti illər olub. O, fosil yanacaq sənayesinin planetə zərər vurmaqla yanaşı, bundan böyük gəlir əldə etdiyini vurğulayıb. “İqlim fəlakətləri bütün dünyada insanların həyatına, dolanışıq vasitələrinə və iqtisadiyyatlara ağır zərbə vurur. Bu, qarşılıqlı məhvin qaçılmaz olduğu bir yoldur”, – deyə Quterreş xəbərdarlıq edib.

Sammitdə iştirak edən əsas liderlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Baş naziri Şahbaz Şərif yer alıb. Böyük Yeddilik (G7) ölkələrindən sammitdə çıxış etməsi nəzərdə tutulan yeganə lider Böyük Britaniyanın Baş naziri Endi Börnhamdır. O, cümə axşamı tədbirdə çıxış etməlidir.

Avropa İttifaqının rəhbəri Ursula fon der Lyayen də sammitdə iştirak edir. Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni və Yaponiyanın Baş naziri Sanae Takaiçi kimi dünya liderləri isə sammitə qatılmayıblar. Tarixən istixana qazlarının ən böyük emissiyaçısı olan ABŞ artıq ikinci ildir ki, danışıqlarda iştirak etmir.

COP31-in ev sahibi Türkiyə nəqliyyat, binalar və sənaye sahələrində elektrikləşməni sürətləndirmək üçün könüllü təşəbbüs irəli sürür. Təşəbbüsün məqsədi 2035-ci ilədək elektrik enerjisinin qlobal enerji istehlakındakı payını 35 faizə çatdırmaqdır. Avropa İttifaqı elektrikləşmənin “təmiz” enerji hesabına həyata keçirilməli olduğunu vurğulayıb. Bu isə Türkiyənin təklifində neft, qaz və kömürün rolunun müzakirələrə səbəb ola biləcəyini göstərir.

Sammitin açılışında çıxış edərkən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Qəzzadakı ekoloji vəziyyətdən narahatlığını dilə gətirmişdi: “BMT Baş Assambleyasındakı çıxışımda da vurğuladığım kimi, Qəzzada təkcə soyqırım deyil, eyni zamanda ekoloji qırğın törədilib. Əsrlik zeytun ağacları kəsilib, torpaq və su çirkləndirilib, şəhərlər nəhəng dağıntı yığınlarına çevrilib”, – deyə Türkiyə Prezidenti bildirib.

BMT-nin Baş katibi ölkələri təmiz enerji mənbələrinə keçidi sürətləndirməyə çağırıb. O bildirib ki, dünyanın fosil yanacaqlardan asılılığı təkcə iqlimə deyil, iqtisadiyyatlara da zərər vurur. Bu fikirlər, görünür, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra neft qiymətlərinin kəskin artmasına və Yaxın Şərqdən neft ixracının pozulmasına işarədir.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, o, sammitdən müharibə zamanı ətraf mühitin məhv edilməsi ilə bağlı Tehranın mövqeyini ifadə etmək üçün istifadə edəcək. İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian Türkiyəyə yola düşməzdən əvvəl deyib: “Bu konfransda ABŞ və İsrailin ətraf mühiti məhv edən əməllərindən danışacağıq”.

Ötən ay dərc edilmiş BMT hesabatında bildirilirdi ki, dünya Paris Sazişi çərçivəsində ən ağır iqlim fəsadlarının qarşısını almaq üçün müəyyən edilmiş 1,5 dərəcə Selsi (2,7 dərəcə Farenheit) istiləşmə həddini aşmaq üzrədir. Bu arada, 2026-cı il Qərbi Avropada bir sıra ekstremal istilik dalğaları və Nepalda buzlağın çökməsi nəticəsində baş verən fəlakətli sel hadisəsi ilə yadda qalıb. Nepalda baş verən hadisə nəticəsində 1500-dən çox insan həlak olub, minlərlə insan isə itkin düşüb.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью