Çörəyi soyuducuda saxlayanlara XƏBƏRDARLIQ

29.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Çörək gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir.

Lakin onun necə saxlanılması həm dadına, teksturasına, həm də təzəliyinin nə qədər müddət qorunmasına təsir edə bilər. Xüsusilə bir çox insan çörəyin daha gec xarab olması üçün onu soyuducuda saxlamağa üstünlük verir.

Bəs çörəyi soyuducuda saxlamaq həqiqətən doğrudurmu və çörəyin daha uzun müddət təzə qalması üçün hansı saxlama şəraiti daha uyğundur?

Qida mütəxəssisi Fərid Səfərov “Cebheinfo.az”a bildirib ki, çörəyi soyuducuda saxlamaq onun xarab olmasını müəyyən qədər gecikdirə bilər, lakin bu, çörəyin təzəliyini qorumaq üçün ideal üsul hesab edilmir.

“Soyuducunun temperaturunda çörəkdə nişastanın yenidən kristallaşması sürətlənir. Buna görə çörək daha tez quruyur, bərkiyir və ilkin yumşaqlığını itirir. Bu proses əsasən çörəyin teksturasına və dadına təsir edir; qida maddələrinin hamısının əhəmiyyətli dərəcədə itməsi demək deyil. Lakin çörəyin uzun müddət saxlanması tələb olunursa, soyuducu əvəzinə dondurucu daha uyğun seçimdir. Dondurma çörəyin keyfiyyətinin daha yaxşı qorunmasına kömək edir və kiflənməni də dayandırır. Çörək qısa müddət ərzində istifadə olunacaqsa, onu sərin, quru və birbaşa günəş şüası düşməyən yerdə, təmiz və hava keçirməsi məhdud olan çörək qabında və ya uyğun qida paketində saxlamaq məsləhətdir. Çörəyi isti halda tam soyumadan bağlamaq düzgün deyil, çünki yaranan kondensasiya nəmliliyi artıraraq kifin əmələ gəlməsini sürətləndirə bilər.

Çörəyi hava keçirməyən şəkildə uzun müddət otaq temperaturunda saxlamaq da ideal deyil. Ən praktik üsullardan biri çörəyi istifadə ediləcək porsiyalara bölüb dondurmaqdır. Lazım olduqda yalnız istifadə ediləcək qədər hissə çıxarılaraq otaq temperaturunda donu açıla bilər”.

Mütəxəssis qeyd edir ki, həmçinin çörəyi kif əlamətlərinə görə mütəmadi yoxlamaq lazımdır. Üzərində kif görünürsə, yalnız həmin hissəni kəsib qalanını istifadə etmək təhlükəsiz hesab olunmur, çünki kifin görünməyən hissələri çörəyin daxilinə yayıla bilər. 

Aişə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью