Çörəyin bahalaşmasının səbəbləri bəlli oldu

11.02.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər Azərbaycanda bəzi çörəklərin qiymətinin artması müzakirələrə səbəb olub. Qiymət yüksəlişinin səbəbləri və bunun əhalinin gündəlik xərclərinə təsiri ictimaiyyət tərəfindən maraqla izlənilir. Əsas səbəblər kimi buğda və digər xammalın dünya bazarında qiymətinin artması, idxal xərclərinin yüksəlməsi, enerji və nəqliyyat xərclərinin bahalaşması göstərilir.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dünya bazarında dənli bitkilərin qiymətlərində hazırda artım müşahidə olunmur. 2025-ci ildə qiymətlər təxminən 4% azalıb və 2026-cı ilin yanvar ayında da sabitlik davam edir. Xüsusilə buğdanın idxal olunduğu əsas mənbələr üzrə qiymətlərdə ciddi dəyişiklik qeydə alınmayıb. Buna baxmayaraq, çörəyin maya dəyərinə təsir edən faktorlar təkcə buğdanın öz qiyməti ilə məhdudlaşmır. Ekspert vurğulayır ki, xammal ucuzlaşsa belə, logistika zəncirindəki bahalaşma və daşınma xərclərinin yüksəlməsi istehsalçılar üçün əlavə yük yaradır. Nəqliyyat xərclərinin və enerji daşıyıcılarının qiymətindəki oynamalar son nəticədə rəflərdəki qiymət etiketlərinə yansıyır. Bu vəziyyət isə istehlakçıların büdcəsində hiss olunacaq dərəcədə boşluqlar yaradır.
“Nəqliyyat xərclərinin yüksəlməsi, xüsusilə yanacaq qiymətlərinin artması bu prosesə təsir göstərir. Dizel yanacağı 2024-cü ilin ortalarında 25%, 2025-ci ilin sonunda isə əlavə 10% bahalaşıb. Benzin qiymətlərində də oxşar artım qeydə alınıb. Digər enerji xərcləri və kommunal xidmət tariflərinin yüksəlməsi isə istehsalçıların xərclərini əhəmiyyətli dərəcədə artırıb.”
Xalid Kərimli əlavə edib ki, dünya bazarında dollar ifadəsində idxal qiymətləri sabit qalsa da, manatın digər valyutalar qarşısında ucuzlaşması idxal olunan məhsulların daxili bazarda bahalaşmasına səbəb olur:
“Manatın nominal və real effektiv məzənnəsinin əsas ticarət tərəfdaşları ilə müqayisədə zəifləməsi idxal olunan xammal və materialların qiymətini manat ifadəsində artırır. Bu isə çörək istehsalında istifadə olunan xammalın maya dəyərinə birbaşa təsir göstərir.”
Ekspert bildirib ki, elektrik enerjisi və digər istehsal xərclərində də artım müşahidə olunur. 2025-ci ildə istehsal xərcləri orta hesabla 9–13% yüksəlib. 2026-cı ilin əvvəlindən qeyri-neft sektorunda çalışanlar üçün tətbiq edilən 3% vergi də əmək xərclərinin artmasına səbəb olub. İşçilərin xalis əməkhaqqına həssas yanaşması səbəbindən bu vergi yükünün bir hissəsi müəssisələrin xərclərinə ötürülür.
Çörək strateji və sosial məhsul olduğu üçün bu sahədə qazanc marjası onsuz da minimal səviyyədə saxlanılır. İstehsalçıların xərclərindəki hətta bir neçə qəpiklik artım onların fəaliyyətini çətinləşdirdiyi üçün qiymət artımı qaçılmaz hala gəlir. Beləliklə, bugünkü qiymət artımı təkcə taxılla bağlı deyil, həm də enerji, vergi və valyuta bazarındakı kompleks dəyişikliklərin nəticəsidir. Mövcud vəziyyət göstərir ki, bazarda sabitliyin təmin olunması üçün xərclərin tənzimlənməsi ön plana çıxır.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью