COVID 19 bitsə də: Təsiri bitmir

23.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Tədqiqatçılar COVID-19 keçirən insanlarda obstruktiv yuxu apnesinin əsasını təşkil edən fizioloji mexanizmlərdə ciddi dəyişiklik aşkar etməyiblər.

Lakin bir nəzərəçarpan fərq müəyyən olunub. Belə ki, qısa müddətli oyanmadan sonra COVID-19 keçirmiş insanların tənəffüsü daha güclü şəkildə artıb.

"Cebheinfo.az" xəbər verir ki,  tədqiqat Türkiyənin Koç Universitetinin alimləri tərəfindən ABŞ-dən olan həmkarları ilə birlikdə aparılıb. Nəticələr "Journal of Clinical Medicine" elmi jurnalında dərc olunub.

Obstruktiv yuxu apnesi yuxu zamanı yuxarı tənəffüs yollarının vaxtaşırı daralması və ya tamamilə tutulması nəticəsində yaranır. Bunun nəticəsində nəfəs müvəqqəti dayanır və yuxunun keyfiyyəti pisləşir.

Bu vəziyyətin ağırlığına bir neçə fizioloji mexanizm təsir edir:

tənəffüs yollarının daralma və çökməyə meyli,

tənəffüs sisteminin oksigen və karbon qazının səviyyəsindəki dəyişikliklərə reaksiyası,

nəfəs pozulduqda beynin oyanmağa nə qədər hazır olması,

yuxarı tənəffüs yollarını açıq saxlamağa cavabdeh əzələlərin fəaliyyəti.

Tədqiqatçılar COVID-19 infeksiyasının bu mexanizmləri dəyişdirib-dəyişdirmədiyini müəyyən etmək istəyiblər. Bunun üçün COVID-19 keçirmiş 60 nəfəri və nəzarət qrupunda olan 60 nəfəri müqayisə ediblər. Qruplar yaş, cins, bədən kütlə indeksi və yuxu apnesinin olub-olmaması nəzərə alınmaqla seçilib.
İştirakçılara gecə polisomnoqrafiya müayinəsi aparılıb. Bu müayinə zamanı yuxu və tənəffüslə bağlı müxtəlif göstəricilər qeydə alınıb.

Əksər göstəricilər üzrə qruplar arasında fərq aşkar edilməyib. 

Lakin bir fərq müəyyən edilib. COVID-19 keçirmiş insanlarda qısamüddətli oyanmadan sonra tənəffüs reaksiyası daha güclü olub. Onların nəfəs alması infeksiya keçirməmiş iştirakçılara nisbətən daha çox sürətlənib və güclənib.

Hazırda bu fərqin klinik baxımdan nə qədər əhəmiyyətli olduğu məlum deyil. Nəzəri olaraq, tənəffüs reaksiyasının güclənməsi yuxu apnesinin gedişinə və ya onun bəzi müalicə üsullarının effektivliyinə təsir göstərə bilər. Lakin bunu təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью