Çövkənin atası

05.06.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Müasir dünyanın siyasi, iqtisadi, ictimai-mədəni, o cümlədən sənət və idman mənzərəsində Azərbaycanın payının gündən-günə artmasının şahidiyik. Dünyanın ən uğurlu və sayğılı ölkələri sırasında yer almağa nail olmuş Azərbaycan planetar miqyasda bir çox sahələrdə indiki tərzdə desək, brend sahibi mövqeyi də qazana bilib. Artıq istənilən faydalı fəaliyyət vektorlarına aid elə terminlər var ki, onların ancaq xalqımıza, ölkəmizə aid olduğu təsdiqlənib.

Dünyada demək olar ki, hər bir insanın öz ömrü boyu idman aləmi ilə bu və ya digər dərəcədə maraqlandığını nəzərə alsaq, yuxarıda söylədiklərimizin bu sahəyə də nüfuz etməsi, xüsusən, milli idman nümunələrimizin bəşəri status alması qürurvericidir.

Hamıya aydın olmuşdur ki, ən maraqlı və dinamik etno-idman növlərindən olan, dünyada daha çox atüstü polo kimi tanınan oyunun əcdadı Şərq coğrafiyasında, Azərbaycanda icad edilən və geniş yayılan, adı "Kitabi Dədə-Qorqud"da, Qətran Təbrizinin, Nizami Gəncəvinin, Nəsiminin, Xətainin və digər klassiklərin əsərlərində çəkilən çövkəndir. Bu fakt artıq təsdiq olunmuş, Qarabağ atları ilə oynanılan qədim Azərbaycan atüstü komanda oyunu olan çövkən, on üç il əvvəl, 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir!

Hər il çövkən üzrə respublika, ümumtürk, qitə və dünya miqyaslı yarışların keçirilməsi Azərbaycan idmanının təntənələrindən sayılmalıdır.

Bir neçə gündən sonra, 7-13 iyun tarixlərində Bakıda çövkən üzrə 3-cü dünya çempionatı keçiriləcək. Yarışda 10 ölkənin komandası mübarizə aparacaq. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Uruqvay, Çili, Niger, Nigeriya və Küveyt komandaları qüvvələrini sınayacaq. Əvvəlki dünya çempionatlarının qalibi Azərbaycan də olub.

Bəli, ölkəmizin təşəbbüsləri ilə keçirilən maraqlı, çılğın atlı komanda yarışları dünya idman ictimaiyyətinın ürəyini fəth edib. Tarixin qədim yüzilliklərindən gələn milli idman oyunlarımızın bərpası vaxtilə bu sahəni tədqiq edən mütəxəssislərimizin də gərgin əməyi sayəsində mümkün olub.

Bu gün onlardan biri, Gəncədə yaşamış, ötən əsrin 50-ci illərindən, bu əsrin əvvəllərinəcən milli idman nümunələrinin tədqiqatları üçün Azərbaycanın dörd bir tərəfini qarış-qarış gəzmiş Fikrət Hüseynov (1924-2009) haqda danışmaq yerinə düşərdi.

Lap gənclik çağlarından ömrünün 85 yaşındakı sonunadək o, xalqımızın milli oyunlarının dirçəldilməsini özünün həyat fəlsəfəsi və borcu hesab edərək, bu yolda yorulmadan çalışıb.

1924-cü ildə öz dövrünün tanınmış maarifçilərindən olan Paşa Hüseynovun ailəsində dünyaya göz açan Fikrət müəllim Böyük Vətən müharibəsi cəbhələrində vuruşub, orden və medallar alıb, cəbhədən qayıtdıqdan sonra, özünü idman aləmi ilə də bağlamağa başlayıb. Yüngül atletika üzrə respublika və SSRİ yarışlarının qalibi olub.

1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1952-ci ildə isə Moskva Mərkəzi Fiziki Tərbiyə İnstitutunu bitirib. 1952-1953-cü illərdə Gəncə Vilayət İdman Komitəsinin sədri, 1953-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunda fiziki tərbiyə və idman kafedrasının müdiri, sonralar məşqçi müəllim kimi fəaliyyət göstərib. 1991-ci ildən ömrünün axırınadək Azərbaycan Kənd  Təsərrüfatı İnstitutunda, eləcə də şəhərin və respublikanın idman cəmiyyətlərində çalışıb.

Hələ 1969-cu ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona "Fiziki tərbiyə və idman" kafedrası üzrə dosent elmi adı verilib. O, atüstü oyunlar üzrə Ümumittifaq dərəcəli hakim olmaqla bu oyunların fəal təşkilatçısı və qızğın təbliğatçısı olub.

1961-ci ildə Fikrət Hüseynovun rəhbərliyi altında Azərbaycanın yığma komandası Moskvada at idmanı üzrə SSRİ miqyaslı yarışlarda böyük uğur qazanıb, çövkənin və digər atlı yarışların qalibi olub. Yarışın təşkilatçı rəhbəri olan Sovet İttifaqı Marşalı Semyon Budyonnı Azərbaycan atlılarına xüsusi mükafatlar da təqdim edib. O vaxtdan Budyonnı Fikrət Hüseynovla dostlaşıb və Azərbaycana gələrkən həmişə onu axtarıb-arayırmış.

Sonrakı illərdə Fikrət müəllimin atlı komandalarının uğurları Pyatiqorskidə, Krasnodarda, Tbilisidə, Rostovda, Kiyevdə, Alma-Atada, Daşkənddə, Frunzedə və digər şəhərlərdə davam edib.

Dosent Fikrət Hüseynov xüsusilə atlı oyunlarının tədqiqatları və praktiki bərpası üzrə misilsiz işlər görüb, bu mövzularda neçə-neçə araşdırmalar yazıb.

Çövkənlə yanaşı, "Sürpapaq", "Piyalə və ox", "Güc sınağı",  "Baharbənd", "Yelxana", "Yaylıq", "At üstündə zorxana" və digər oyunların bərpası və həyata vəsiqə almaları məhz Fikrət Hüseynovun  adı ilə bağlıdır. Bu vətənsevər fəaliyyətinə görə o, müstəqillik dövrümüzdə Azərbaycanın Əməkdar Bədən tərbiyəsi və idman xadimi, Əməkdar idman ustası, Əməkdar məşqçi adlarına layiq görülüb, Milli Olimpiya Komitəsi nəzdində Akademiyanın üzvü, Prezident Təqaüdçüsü olub.

Fikrət Hüseynov 90-cı illərdə At üstündə Milli idman oyunları federasiyasının prezidenti də olub. 

Keçmiş SSRİ-nin, Şərq dünyasının, eləcə də ölkəmizin mətbuatında F.Hüseynov haqqında "İdman arxeoloqu", "Çövkənın atası", "İdman alimi", "İdmanın arxeoloqu" və digər bu kimi başlıqlar altında onlarla yazı verilib. Bu, həqiqətən də çox düzgün ifadələrdir. O, milli oyunlarımız haqda onlarla elmi və populyar kitablar müəllifidir.

Bu fəaliyyətin əsas amalı, Azərbaycanın bu sahədə də köklü, qədim ənənələrə sahibliyinin bir daha sübutuna xidmət etmək olub.

F.Hüseynovun sonuncu kitabı olan, həm elmi monoqrafiya, həm də populyar nəşr xüsusiyyətlərinə malik "Azərbaycan atçaparları və atüstü milli oyunları" ("Ekologiya" nəşriyyatı, 1998) bir növ, milli oyunların tarixçələrini, onlar üzrə topladığı bütün məlumatların, o cümlədən oyunların qayda, nizam və gedişatları barədə təsvir, sxem və taktiki fəndlərin şərh və izahlarını, bu sahədəki mütəxəssislər üçün faydalı tövsiyələri özündə birləşdirib.

Kitabda F.Hüseynov "Çövkən" ifadəsini çox vaxt mötərizədə verilən "Çomaq" ifadəsilə paralel işlədir. Çünki oyunun bir növ, çoban çomağına oxşar olan, başı bir tərəfə burulmuş ağac alətlə də oynanıldığı da yayılıbmış və müəllif öz kitabda bu oyunun düz 13 növ müxtəlif başlıqlara malik alətinin təsvirini verib.

Yeri gəlmişkən, məqalənin girişində Nəsimidən gətirdiyimiz nümunədə də yaradanla vəhdət meydanına girmək üçün insan başının top, yar zülfünün bir tərəfə burulmuş çövkən (çomaq) obrazında olduğu aydındır.

Daha bir misala, kitabın səhifələrində sırf Şuşada yaranmış bir oyun olan "Baharbənd" haqda maraq doğura bilən kiçik fraqmentlərə diqqət yetirməyinizi istərdik:

"...Oyun onun keçirildiyi yerin adı ilə bağlıdır. Bu yerlər Şuşa rayonunun Zarıslı kəndinin ətrafında meşələrlə əhatə olunmuş dağların ətəyindədir. Meşə ilə əhatə olunmuş düzənliklər bu yerlərə xüsusi gözəllik verir. Həmin düzənlikləri yerli əhali "Bənd" adlandırır. Kəndin ətrafında bir neçə yerdə belə "bənd"lər vardır. Oyun da bahar fəslində keçirildiyindən ona "Baharbənd" deyilir. Oyunun mahiyyəti ondan ibarətdir ki,  oyunçu atı yorğa, yaxud çaparaq sürür, papağını, tüfəngini, qılıncını, çuxasını, kəmərini, arxalığını çıxarıb, qeyd olunmuş yerlərə atır, sonra isə atını cəld döndərib, yerə tulladığı geyim və silahları atdan düşmədən, növbə ilə yerdən qaldırıb, geyinir..."

Müəllif "Baharbənd"in çox maraqlı məzmununu və onun istər dağ, istər də aran yerlərində, keçirilməsinin mümkün olduğunu qeyd edir.

Fikrət Hüseynovdan qalan, kitablar, şəkillər, məqalələr, araşdırma qeydləri, jurnalları bir də komandalarının və özünün təltifləridir. Gəncədə bu irsin qoruyucuları onun övlad, nəvə və nəticələridir. Qızı İzabella Hüseynova atasının ilk növbədə öz işinin çılğın sevdalısı olmasını və bu keyfiyyətin Vətənin dəyərləri ilə bağlılıqdan irəli gəldiyini qeyd edir.

"Vətənin gələcəyi gənclərdə olduğundan, o, həmişə yetişməkdə olan nəslin həm fiziki, həm də mənəvi sağlamlığına müsbət təsiri ola bilən hər hansısa fürsəti qaçırmazdı. Daim gənclərdən komandalar yığar, fürsət düşdükcə, onları məsələn, Özbəkistan, Qazaxıstan, Rusiya və digər yerlərdəki yarışlara aparar, yaxud yerli birinciliklərə cəlb edərdi. çövkənin fəlsəfəsi isə onun üçün ayrıca aləm idi. Bu, idmanla yanaşı, meydanda, yarışın gedişindəki müvəffəqiyyətin coşqusu, uğursuzluğun məyusluğu, yüksəliş və enişin bir-birini növbə ilə sürətli əvəzləməsi, yekunda atlı insanın qürurlu görkəmi əsl həyatsevərlik simvoludur. Atam komanda düzəldəndə də, onları yarışlara cəlb edəndə də heç vaxt, heç bir təmənna güdməzdi. Onun üçün Azərbaycan atçılığının, onun idmanının tarixinin, şöhrətinin tanıdılması, bizə aid olmasının təsdiqi ən böyük mükafat idi".

Gəncədə Fikrət Hüseynovla dostluq etmiş şəxslərin xatirələri onun portretinə cizgilər vurur. "Fikrət müəllim işgüzar, daim Vətən naminə fəaliyyətdə olan bir insan idi. Gəncədə hamı bilir ki, keçən əsrin 50-ci illərinin sonu - 60-cı illərinin əvvəllərində çövkənin bərpaçısı və onu necə deyərlər, üzə çıxaran odur. Təsadüfi deyil ki, 1961-ci ildə Moskvadakı yarışın həmən o marşal Budyonnı tərəfindən F.Hüseynovun başçılıq etdiyi bizim komandaya təqdim olunmuş Birinci dərəcəli diplomunda "Azərbaycanın milli atçılıq oyunu çövkəndə qazanılan qələbəyə görə" ifadəsi işlənib. Fikrət Hüseynov həm də son dərəcə səmimi, təmənnasız və təvazökar bir insan idi. Bir dəfə eşitməzdin ki, bəs filan məsələdə mənim xidmətim var. Elə kitablarında da heç vaxt "bunu mən etmişəm" iddiasına işarəyə belə rast gəlməzsiniz. Amma təəssüflənirik ki, heç olmasa, onun xatirəsinə həsr olunmuş atlı oyunlar keçirilmir, elə Gəncədə adına küçə, xatirə lövhəsi belə yoxdur", - deyə onun dostu, iqtisad elmləri namizədi, Əməkdar müəllim Nüsrət Hüseynov qeyd edir.

"Şübhə yoxdur ki, Fikrət müəllimin alicənablığı, səmimilik və təmənnaszlığı onun görkəmli maarifçi nəslinin genetik ənənələri ilə bağlıdır. O, hər zaman maraqlı, məlumatlı, ruhən cavan insan, sadiq dost kimi xatirimizdə qalıb. Belə adamların yumor hissi də həmişə güclü olur, o, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük kimi davranan adamlardan idi", - deyə Fikrət müəllimin daha bir dostu, professor Zaur Həsənov bildirir.

Yumorundan söz düşmüşkən, karate üzrə ən yüksək dan sahibi, hazırda idman müəllimi işləyən Nazim Quliyevin bir xatirəsini də burada verməyi uyğun saydıq: "2000-ci illərin əvvəllərində Fikrət müəllim idman hovuzunun yaradıcısı və rəhbəri kimi çalışırdı. Mən o vaxt yerli televiziyada işləyirdim. Yayın qızmar çağında Fikrət müəllimdən müsahibə alırdıq. O, mənim idmanla fəal məşğul olduğumu da bilirdi. Amma digər bir həmkarımın nəsə bikef və cılız duruşu onu açmırdı. Ona qayıtdı ki, niyə belə fağır-fağır durursan, cavan oğlansan, belə görkəm yaraşmaz sənə, bir özünü toparla, "jıvoy" ol!  Dostum isti havanı bəhanə gətirdi. Fikrət müəllim də hovuzu göstərdi və dedi ki, onun da çarəsi var. Və gözlənilmədən, dostumu hovuza itələdi. O da sanki, bunu gözləyirmiş kimi, ləzzətlə üzürdü. Sonra çıxandan sonra ona idman libası gətizdirdi, paltarlarını da xüsusi paltar maşınında qurutdurdu. Doğrudan da, onun əsas fikri-zikri gənclərin daim inkişafda olması, həyatdan zövq alması, Vətən naminə öz bacarıqlarını əsirgəməməsi uğrunda fəaliyyətə çağırmaq idi".

Əlbəttə, Fikrət müəllim kimi milli ənənə və dəyər təəssübkeşlərinin əməyi mustəqil ölkəmizdə öz təcəssümünü tapır, zaman-zaman onların arzuları gerçəkləşdirilir. Amma istənilən halda, heç bir şöhrət gözləməyən, necə deyərlər, öz öhdəsinə düşmüş vəzifələri Vətən naminə və "Allah rizası" üçün vicdanla və böyük bacarıqla   yerinə yetirmiş insanları unutmamaq, yad etmək qalanlar üçün bir vəfa borcudur.

Zakir MURADOV

Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью