Çox həsəd aparmışam güllə altında yatanlara... Qulu Ağsəsin şeiri

18.09.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Qulu Ağsəsin "Bircə rəng var - AĞ!" şeirini təqdim edir.

Yazmaq -

bu dünyadan

ürəyinin başını götürüb getməkdi,

və bir də:

maneələri dəf etməkdi,

dəfn etməkdi,

ağrını, acını,

illərin qara yuyub

ağ sərdiyi saçını...

Yaxşı-yaxşı bax:

bircə rəng var -

Ağ!

Qara - ağ rəngin şərlənməyidi,

göy - şərlənməyidi,

sarı - həsrətidi,

qırmızı - ismət,

yaşıl - qəhətdi, qəhət!

Bilirsən, nədi ölmək? -

yerə baxıb

yeri görmək,

göyə baxıb

yeri görmək...

Bu da təkamülün

növbəti dərsliyi:

dominonu qocalar şövqlə qarışdırır;

onda bilinmir əllərinin əsdiyi.

Kasıblar Hacdı,

varlılar hacıdı,

cinayət məcəlləsindəki

bütün maddələr partlayıcıdı...

Kimin nə vecinə?!

insan bir vaxtlar

"hara" sualına

cavab verirdi,

sonra "kim",

indi "nə"...

Bunu da qeyd elə bir kənara

yuxusuz gecələrdə

çox həsəd aparmışam

güllə altında yatanlara...

Uzun, ya qısa

şeirlərimə tarix yazmıram,

istəyirəm özləri tarix yaza...

"Ədəbiyyat qəzeti"

Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью